Doğru seçim

22.07.2013 | 420 dəfə baxılıb.

Biz xanımlar bir yubka və ya kofta alarkən nə qədər çətin bəyənirik, deyilmi? Dəfələrlə geyinib-çıxarır, “alaq-almayaq” deyə heç cür qərar qəbul edə bilmirik. Adi bir paltar alanda bu qədər duşünürüksə, bütün həyatımız bahasına başa gələcək evlilik kimi bir qərarı qəbul edərkən nə qədər düşünməliyik, bunu artıq siz müəyyən edin. Evlilik-ömrünüzdə bir dəfə yaşayacağınız, daha dəqiq ifadə ilə bir dəfə yaşamalı olduğunuz yeganə səadətdir. Bəli, aldığınız bir koftanı evə gələndə bəyənməsəniz, gedib dəyişdirə bilərsiniz. Ya da heç geyinməz, bir tərəfə atarsınız. Ancaq evləndiyiniz insan sizin üçün ilk və tək olmalıdır. Elə isə, necə düzgün qərar qəbul edə və ya qəbul etdiyiniz qərarın doğru olduğuna necə əmin ola bilərsiniz? Hər şeydən əvvəl qeyd edək ki, insanlar evlənərkən bir-birilərini bu xüsusiyyətlərinə görə bəyənirlər:

a) gözəllik;

b) var-dövlət;

c) əsil-nəcabət;

d) gözəl əxlaq.

Gözəllik evlilik qərarına təsir edən ən birinci amildir. Əlbəttə ki, evlənəcəyiniz adamı xarici görünüşü ilə də bəyənməlisiniz. Ancaq sizin üçün vacib olan tək şey gözəllik, yaraşıq olarsa, vaxt keçdikcə gənclik gedər və gözəlliklə yanaşı, həyat yoldaşınıza sevginiz də yavaş-yavaş azalar. Deməli, bir neçə gün deyil, ömür boyu bir yerdə olacağınız adamda daimi keyfiyyətlər axtarmalısınız. Var-dövlətə gəlincə, var-dövlət baxış bucağına görə dəyişən bir məfhumdur. Kimisi pulu çox olanı varlı sayır, kimisi sağlam nəfəs alanı… Kimisi villalar, son model avtomobillər içində özünü varlı hiss edir, kimisi də həyat yoldaşı və uşaqları ilə keçirdiyi xoş dəqiqələrdə…

Evini dolanışığı qədər gəliri olan və bunu könül xoşluğu ilə xərcləyə bilən hər kəs varlıdır, məncə… Əgər bu fani dünyadan köçüb gedərkən bu qədər nemətdən özümüzlə heç bir şey apara bilmiriksə, bütün ömrümüzü sonu olmayan bir var-dövlət sevdasına həsr etməyin nə mənası var? Təbii ki, öz gəliri olmayan, atasının-anasının əlinə baxan oğulların da evlənmək üçün tələsməməsini söyləməyə gərək yoxdur, yəqin ki. İki könül bir olanda samanlıq seyran olmur, əziz qızlar! Samanlığın damı axmağa başlayanda nağıl bitir. Əsil-nəcabət, vəzifə, şan-şöhrət kimi keyfiyyətlər də xoşbəxtlik üçün kifayət etmir,  əlimizdəbircə şey qalır – gözəl əxlaq… Bir atalar sözündə olduğu kimi: üz gozəlliyindən 40 gündə doymaq olar, xasiyyət gözəlliyindən 40 il doymaq olmaz. Əvvəllər ailələr böyüklərin razılığı ilə iki tərəf bir-birlərini tanıyıb öyrəndikdən sonra baş tuturdu. Nənələrimizin, babalarımızın evliliklərinə nəzər salaq. Bəlkə də, dünya gözəli deyildilər, elə bir rahatlıqları da yox idi, ancaq xoşbəxt idilər. Sədaqətlə, fədakarlıqla, çox vaxt bir-biri üçün əziyyətə qatlaşmaqla xoşbəxt olmuşdular.

İndi isə gənclər özbaşına, bəzən heç ailələrinin razılığını da almadan belə böyük bir məsuliyyətin altına girirlər. Bir-birlərinə bu ötəri keyfiyyətlərə görə qiymət verdikləri üçün xoşbəxt olan ailələrin sayı da get-gedə azalır. Təəssuf ki, boşanma hallarının artması da bizim sözlərimizi haqlı çıxarır. Elə isə, evlənərkən hər şeydən əvvəl xasiyyətini bildiyiniz bir insanla, həm də ailənizin xeyir-duasını alaraq evlənin. Verəcəyiniz bu qərarla xoşbəxtliyinizin 50 %-nə bəri başdan təminat ala bilərsiniz. Qalan 50 %-nə nail olmağın yollarını isə gəlin birlikdə araşdıraq…

“Xoşbəxt bir ailə üçün”  kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!