Dini adət-ənənə

23.12.2015 | 313 dəfə baxılıb.

Bir müəllif üçün oxucudan müsbət fikirlər eşitmək olduqca sevindirici haldır. Bunlar onun düşüncə və yazı həyatına şövq qatır. Mənfi fikirlərə gəlincə isə bəzi yazarlar bunu qəbul etmir, oxumur, dəyərləndirmir və heç nə olmamış kimi yazı üslubuna davam edirlər. Media belə örnəklərlə zəngindir.

Bəzi yazarlar isə mənfi reaksiyaları tənqidi və qərəzli deyə iki yerə ayırırlar; Tənqidi fikirləri (bu tənqidlərdə məqsəd yazarın orta­ya qoyduğu düşüncənin mahiyyətini öyrənməkdir) nəzərə alır, cavablandırır, oxucunu haqlı sayırsa, öz düşüncəsində açıq-aşkar düzəliş edir və bundan zərrə qədər də incimir. Qərəzli tənqidləri isə bir kənara atır, onun təsirinə düşməməyə çalışır və doğru hesab etdiyi yola davam edir.

Mən yazıçılıq dövrü ərzində oxucudan gələn tənqidi rəyləri dinləməyə çalışdım, cavablandırdım, düzəlişlər etdim. Onlardan çox şeylər öyrəndim. Böyük bir qismini hələ də xatirə kimi saxlayıram. Onlara təşəkkürü özümə borc bilirəm. Bu vəsilə ilə də bu adlı və adsız qəhrəmanlara bir daha təşəkkür edirəm.

Mədəni səviyyəsi yüksək (çünki oxucu doktorantura oxuduğunu deyir) bir oxucumun verdiyi reaksiyaya bir-iki aspektdən cavab vermək istəyirəm. Oxucu o yazıda verilən birinci örnəklə ikincinin əlaqələndirilmə səbəbini soruşur. Cavab belədir: ikinci örnəkdəki dörd aylıq evli gənclər boşanmaq istəyir. Dörd aylıq bir ailənin boşanmadan danışması olduqca üzücü deyilmi? Buna görə bəlkə, “faydası olar” düşüncəsi ilə “daha sonra peşman olmasınlar” deyə onlara möhlət verməklə bağlı bir örnək göstərmək istəyirdim. Ancaq bunun yazıda açıq-aydın nəzərə çarpdırılmaması bu tənqidi haqlı edir. Bunun aşkara çıxmasına səbəb olan hörmətli oxucuya təşəkkür edirəm.

İkinci xüsus, oxucu yazının bir-iki məqamına əsaslanaraq “qadın həyat yoldaşına xidmət etməyə məcburdur” qənaətinə gəlir. Bəli, o yazıda məhz belə demişdim: “Qadın öz ərinə xidmət etməyə məcburdur”. O vaxtdan bəri qənaətim dəyişməyib və dəyişməyəcək də. Nə üçün? Hörmətli oxucunun “üstəlik meyar götürdüyümüz heç bir yerdə belə məcburiyyət yoxdur…” sözlərinə cavabım belədir: meyarlarımızda (hər halda Quran, Sünnə və sələfi-salehini nəzərdə tutur) bu tip məcburiyyətlər var.

Mən şəxsən hansı sahədə doktorluğun müdafiə edildiyini bil­mə­di­yimə baxmayaraq, belə bəsit dini biliklərdən xəbərsiz olmağı bağışlaya bilmirəm. Bir halda ki müsəlmanıq, din və dini dəyərlər bütün yönləri ilə həyatımızı əhatə edir, əmrlər və qadağalar məcmusu təqdim edir və madam ki ailə həyatı ümumi planda həyatımızın böyük qismini əhatə edir, niyə ibadətlər səviyyəsində  məlumatımız olmasın ki?

Burada bir İslam mütəfəkkirinin sözlərini demədən keçə bil­mi­rəm: “Əgər imkanım olsaydı, ailə qurmaq istəyən insanları evlilik həyatından uşaq tərbiyəsinə qədər bütün mövzuları əhatə edən bir kursa cəlb edər, kursun sonunda imtahandan uğur qazananlara ser­tifikat verər və yalnız bu sertifikatı alanların ailə qurmasına icazə ve­rərdim”.

Rica edirəm, evcik-evcik oynamırıq. Dünya və axirət həyatımıza istiqamət verən, həyatın ən önəmli hissəsinə aid bir əsas dinamizmdən danışırıq. İnsanların da, millətlərin də, dövlətlərin də mövcud olması ondan asılıdır. Axirətdə isə cənnət və cəhənnəm.

Bəli, yazımıza qayıdaq. Dedik ki, qadın ərinə xidmət etməyə məc­burdur. Amma hansı qadın? Bax problemin düyün nöqtəsi buradır. Qarşılıqlı razılıqla evdar qadın statusunu seçən qadın. Bugünkü şəraitdə səhər gedib axşam gələn iş qadını ilə evdar qadını necə eyni götürə bilərik? İşləyən qadının ərinə və uşaqlarına görə mükəlləfiyyət daşımırmı? Əlbəttə, daşıyır, amma bunlar ayrılan vaxt, qayğı və məş­ğul olma baxımından evdar qadına nisbətən aşağı səviyyədədir. Lakin ev, ər və uşaqlardan başqa işi olmayan evdar qadına gəlincə adət-ənənələrə (həmin yazıda bunu israrla vurğulamağa çalışmışdım) görə, qadın bunları etməyə məcburdur. Kişinin maddi baxımdan evi dolandırmağa məcbur olması kimi.

Bir evdar qadının evinə, ərinə və uşaqlarına baxmaqla mükəlləf olmasfından niyə narahat olurlar? Bunu başa düşə bilmirəm. Kişi maddi ehtiyacın təminatını özünə şərəf bildiyi, halal pul qazanmağa çalışdığı və bunu problem deyil, vəzifə kimi qəbul etdiyi halda, bəzi qadınların davranışlarını anlamaq, həqiqətən, çətindir.

İslami aspektdə bunu bir məcburiyyət kimi qəbul edilməsimi prob­lemdir? Amma yuxarıda ifadə etdim ki, mənbəyini dindən, yəni Quran və Sünnədən götürən adətlər (bunlara müsəlman üçün vacib dəyərlərdir) belə söyləməyə əsas verir. İslam hüququ metodologiyasında təfərrüatla bağlı hökm verilərkən adət və ənənə müəyyən qədər nəzərə alınır. Bunu dəyişdirməyə mənim gücüm çatmaz! Ancaq bəziləri “meyar qəbul etdiyimiz əsaslar” deyəndə yalnız Quranı nəzərdə tutur və Quranda “qadın ərinə baxmağa məcburdur” şəklində bir hökm axtarırsa boşuna zəhmət çəkir.

 “Bu məcburiyyətə rəğmən, evdar qadın əri ilə razılaşaraq ev işlərini bölüşdürə bilərmi?” – deyə soruşsanız, “əlbəttə, buna heç bir əngəl yoxdur,” – deyərdim. Belə ki, kişi istəsə, ev işlərində həyat yoldaşına kömək edə bilər.

Oxucu “qadın üç addım ərinin arxasınca yeriməlidir” adəti haq­qında fikirlərimi soruşur. Elə buradaca söyləyim: yuxarıda ifadə etməyə çalışdım, “mənbəyini dindən götürən adət-ənənələrdən” dedim. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) xanımları ilə bir­likdə Mədinə küçələrində yan-yana getməsi bütün hədis kitablarında bildirilmişdir. Buna əsasən “üç addım” adətini ‒ bir vaxtlar bir müsəlman coğrafiyasında geniş yayılsa belə ‒ İslami adət hesab etmək mümkündürmü?

Səhər yeməyinin hazırlanmasına gəlincə burada söhbət süfrənin hər gün kişi yuxudan qalxmadan öncə hazır edilməsindən getmir. Ailə həyatıdır, hərbi qayda ilə yaşamırıq. Əslində, buna heç kimin gücü də çatmaz. Ancaq süfrənin və ya daha doğru ifadə ilə desək, kişi işə gedərkən qadının oyaq olmasının simvolik bir dəyəri vardır. Bu dəyər kişi və onun  iş həyatı üçün olduqca önəmlidir. İşə hansı əhvali-ruhiyə ilə başlamasıdır. Əlbəttə, insan və ailə həyatında istisnalar hər zaman mövcuddur. Lakin əsas olan davranış qaydası (verdiyim örnəkdə bu, belədir) gündəlik həyatda özünü göstərmirsə, əsas davranışla istisna yerini dəyişirsə, kim nə deyirsə-desin, orada problem var.

Bu suallara cavab yazmağı düşünmürdüm. Amma kompyuterin qarşısında əyləşincə fikrim dəyişdi. Qaralamasız yazdığım bu yazı anlaşılmazlıqlara səbəb olan bəzi xüsusları aradan qaldırar, inşallah.

Sonda bir ricamı dilə gətirmək istəyirəm. Məndə təəssüf hissi­ oyat­dı. Universitet məzunu olmaq, magistratura, doktorantura  oxumaq oxucuda özünəinam, xalq dili ilə desək, “oxumuş” zümrəyə mən­subluq hissi formalaşdırıb ‒ məktubundan bu təəssüratları aldım. Və orada qismən də olsa, feminist düşüncələrin təsirini sezdim. Xarici ölkədə yaşadığına görə oradakı qadın-kişi münasibətlərinin təsirinə düşərək qismən assimilyasiyaya və fikir sapmasına məruz qalıb. Oxucunun tənqidlərindən onun “öz dəyərlərimizdən şübhələndiyini” sezdim. Belə fikirlər bir müsəlman xanım üçün olduqca təhlükəli haldır. Məncə, diqqətli olmalı və özünü tənqid etməyi bacarmalıdır.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!