Dava-dalaş yaşa baxmır.

15.03.2016 | 283 dəfə baxılıb.

On üç-on dörd yaşım vardı. Bugünkü kimi yadımdadır. Bir yay axşamı atamla dükanımızı bağlayıb evə getmişdik. Rəhmətlik babam nədənsə həmin gün işdən tez gəlmişdi. Evə gələndə nə görsək yaxşıdır, rəhmətlik nənəm qapının ağzında oturub atamı gözləyir. “Təcili maşın tut, gəl. Bu adamın əlindən boğaza yığılmışam. Çıxıb gedəcəyəm!” – deyirdi. Atamın məyus bir səslə “Ay ana, hara gedəcəksən?” dediyini xatırlayıram. Nənəm isə: “Əlbəttə, dayının evinə,” – dedi. Çünki nənəmin ana-atası çoxdan dünyasını dəyişmişdi. Atam ayaqüstü nənəmi bu fikrindən daşındırmağa çalışdı. Ancaq o da sərt şəkildə: “And içmişəm, oğul, bu evdən gedəcəyəm. İsrar etmə, maşın tut, gəl,” – dedi. Nənəmin dediyi oldu. Nənəm bir müddət gedib qardaşının evində qaldı. Sonra yenidən evə qayıtdı.

Kamillik dövrünə çatmış, on üç-on dörd yaşlarında nəvələri olan  (bibimin uşaqları məndən böyükdür) ağsaqqal babamın və ağbirçək nənəmin bir-biri ilə bu səviyyədə mübahisə etməsi sizə də qəribə gəldimi? Deyirlər: “Eşq fərman dinləməz”. Ər-arvad arasında da “Dava-dalaş yaşa baxmır”. Onun əcəl kimi qapını nə vaxt döyəcəyi bəlli olmur!

Yaş ər-arvad arasında münaqişələrin qarşısını almaqda müəyyən rol oynasa da, bu, həmişə belə olmur. Və yaxud da hər kəs üçün keçərli deyil. Bu gün Qərb cəmiyyətində yaşlı insanlar arasında boşanma səviyyəsi olduqca yüksəkdir. Nənəmlə babamın niyə mübahisə etdiyini bilmirəm, ancaq camaatın qınağı, adətlər olmasa idi, bəlkə də, nənəm “acıq eləmək” əvəzinə boşanmağı seçərdi.

Bu hadisəni mənə xatırladan səbəb çox qəribədir: yenə kəndimizdə qarşılaşdığım yaşlı bir ər-arvad arasında olan hadisələr zənciri və bu zəncirdən mənə gələn şikayətlər. Bəhs etdiyim insanlar nəvələri uşaq gözləyən, yaşı yetmişi ötmüş ər-arvaddır. Əvvəlcə qadınla görüşdük. Bu yaşlı qadın da məni görüncə həyat yoldaşından şikayətə başladı: “Yaşlandıqca tərsləşir. Məni heç saymır. Onun üçün “varammı, yoxammı?” heç bir mənası yoxdur”. Ağlamağa başladı. “O, səni çox istəyir, sözünü yerə salmaz, nə olar, bizim evə gəl, məndən heç nə eşitməmiş kimi onunla danış, nəsihət ver! Əgər bilsə və ya eşitsə ki, bunu mən demişəm, ətimi didik-didik edər,” – dedi.

Bu mənzərəyə güləsən, yoxsa ağlayasan? Mən hələ qərar verə bil­məmişdim. Ancaq bu adamları çoxdan tanıdığım üçün ərindən ya­nıqlı-yanıqlı şikayət edən və nəvəsi yaşında bir insandan kömək göz­lə­yən qadına bir sual verdim: “Cavanlıqda sənə qarşı münasibəti necə idi? Onda da belə idi?” Əslində, bu sualın cavabını bilirdim. Çünki­ uşaqlıqdan yadımdadır, o vaxtlar on mindən çox sakini olmayan əha­li­si olan rayonumuzda həmin kişinin arvadının sözündən çıxmaması­ bir çoxuna məlum idi. Elə bil arvad onun evinə deyil, o, arvadın evinə köç­müşdü. Arvadağız kişi lətifələrinin əsas qəhrəmanına çevrilmişdi.

Qadının cavabına qayıdaq. Dedi: “Nə danışırsan! Onun ciyərini çıxarardım. Bir dediyimi iki etməzdi, edə də bilməzdi. Nə həddi var idi! Etsə idi, gününü görərdi!” Mən də: “O halda indi rollar tərsinə dəyişib?” – deyə qarşılıq verdim. “Bəli, elə dediyin kimidir,” – dedi.

Bu hadisəyə sizdə hansı təəssüratı oyatdı? Üstəlik fantaziya deyil, real həyatdan götürülmüş bir hadisə. Ərin arvadına qarşı bu münasibətinin doğru və ya yanlış olduğunu bir kənara qoyub düşünək. İnsan əkdiyini biçər, elə deyilmi? Həqiqətən, hər bir insan mütləq etdiyinin qarşılığını tez və ya gec görür. Bununla da Allah mütləq ədalətini təcəlli  etdirir.

Mən nə etdim? O, evə getdim. Yemək, çay, sonra da ordan-bur­dan söz salıb bir şəkildə o mövzunu açdım. “Ürək əməliyyatından sonra insan bir az əsəbi bir, az da səbirsiz olur. Sən də belə hallar olur?” – deyə sual verdim. Kaş deməz olaydım, arvadı tez ortaya atılıb bir-iki gün bundan qabaq etdiyi şikayətlərini dilə gətirməyə başladı. Həm də ağlaya-ağlaya. Birdən-birə ab-hava dəyişdi. Arvad şikayəti əsnasında: “Məni heç saymır,” – deyəndə kişi haqlı olduğunu sübut etmək üçün bir misal gətirib gülərək dedi: “Oğlum, necə ki bu stolüstü dəsmalı işlədildikdən sonra onu bir kənara qoyur və lazım olanda yenidən istifadə edirsən, bu da eynən elədir,” – dedi. Bu zarafat və ya bənzətmədə nə qədər həqiqətin olduğunu bilmirəm, ancaq gərgin ab-havanı xeyli yumşaltdı. Mən də bu fürsətdən istifadə edib başqalarından nümunə gətirərək mövzunu açıqlamağa çalışdım. Zənn edirəm ki, hər ikisi də rahatlaşdı.

Bu xatirəni onun üçün qələmə aldım ki, gənc ər-arvad arasında yaşanan mübahisələr, dava-dalaşlar qocalar arasında da ola bilər. Bu da bizə göstərir ki, ər-arvad arasındakı qarşılıqlı sevgi, sayğı və inama əsaslanan münasibətlər qəbir qapısına qədər davam etdirilməlidir. Evli olanlar bu həqiqəti qarşılıqlı münasibətlərdə heç vaxt unutmamalıdırlar. Necə ki ən dəyərli bir əşyanı itirməmək və ya sındırmamaq üçün üstündə tir-tir əsirlər, eləcə də ər və arvad qəbir qapısına qədər bir-birini göz üstə saxlamalıdırlar.

Gözəl bir deyim var: “Hər kəsin evi qəbirdir”. Axşam qapılar bağlanıb insanlar öz evinə, otağına çəkilincə o dünyada nələr yaşandığını hər kəs özü bilir. Misalda olduğu kimi, heç bir maddi sıxıntısı olmayan, kənardan baxanda xoşbəxt görünən neçə-neçə ailədə necə qiyamətlər qopur.

Həyat Dərsləri kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!