Çox yaşa Hacı!

20.06.2013 | 952 dəfə baxılıb.

“Çox yaşa, Hacı!”[1]

“…Pərvərdigara, şükür və həmdlər olsun sənə ki, biz öz fərzəndəmizin (oğlumuzun) zəhməti ilə təhsil etdiyi qazancı yedik”[2]. On yaşında uşaq bütün günü ağır zəhmətdən sonra atasından bu duanı alır. Bu, nədir? Hələ qarşıdakı ömrünü valideynin duası ilə təravətləndirmək. Allah Rəsulu (s.ə.s.) bir hədisində üç nəfərin duasının geri qaytarılmadığını buyurmuşdur. Bunlar qonağın ev sahibinə duası, məzlumun duası və bir də atanın övladına etdiyi dua.[3]Kainatdakı hər qapının açarı əlində olan Rəbbimiz dua qapılarını – bəndəsinin ümid və qorxu içərisində döydüyü qapıları kimin üzünə açsa, şübhəsiz ki, o kəslər qısa dünya həyatında ən şahanə anlarını yaşamış olurlar. Atasının onun haqqında xoş dua etməsini on yaşlı uşağa nəsib edən Uca Yaradan sonralar da ulu dərgaha səslənən nidalarda onun adına yer vermişdir. Həyatının sadəcə bir gününün bir anına – çox insanların ömürləri boyunca qazana bilmədikləri o dua anına toxunduğumuz bu uşaq görkəmindən başdan-ayağa rəşidlik yağan balaca Zeynalabidindir.

Maddi və mənəvi zənginliyin bir insanda vəhdət təşkil etməsinin bir çox hikmətləri var. Maddi sərvətlər Allah yolunda xərcləndikcə mənəvi sərvətin üzərinə bir zənginlik qatır. Buna başqa sözlə malın bərəkətli olması da deyə bilərik. Hacı Zeynalabidin Tağıyev heç vaxt həddi aşmamışdı. Onun zəhmətkeş əlləri özündə israfçılıq kimi şər daşıyan nankor və naşükür əməllərdən daima uzaq oldu. O, daim orta yolu tərcih etdi. Dəyərlərə layiqincə dəyər verməyə çalışdı. Bu “El atası” nəfsini daim müttəhim yerində oturtdu, heç bir vəchlə hakim kürsüsünə, ya da vəkillik tribunasına yaxın buraxmadı. Səadət əsrində möhkəm bünövrə üzərində ucaldılan intibahın ehtişamlı sarayına yaxın keçmişimizdə öz təvazökar töhfəsini verənlərdən bir də elə Tağıyevdir.

Müdrik el ağsaqqalının dövləti xərcləndikcə daha da artırdı. O da öz növbəsində verilən ruzinin ünvana çatdırılmasında öz qulluq vəzifəsini daim layiqincə yerinə yetirməyə çalışdı. Əsrlərdən bəri Allah yolunda xərcləmək ənənəsini yaxın keçmişimizdə qoruyub saxlayanlardan biri də o olmuşdur. Bu möhtərəm insan bizə VII əsrdə yaşamış Rəsulullah səhabələri Əbdürrəhman bin Əvfi (r.a.), Osman bin Affanı (r.a.) xatırladır. Onlar da çox səxavətli insan kimi mal-dövlətini xeyrə sərf etməkdən həmişə zövq almışlar. Mədinədə hicrətdə olarkən müsəlmanların su çətinliyini həll edən, müsəlman ordusunun təchizatına yardım edən Həzrəti Osmanın fədakarlığı bütün bəşəriyyət üçün çox gözəl örnəkdir.
Gözəl əxlaq. İnsan üçün ən zərif, ən möhtəşəm dəyərlərdən biri. Gözəl əxlaq ümmanının firuzə sularını qidalandıran gözəl tərbiyədir… Məhəmməd Tağı Sidqinin Naxçıvandakı “Məktəbi-tərbiyə” adlı təhsil ocağının adı necə də gözəl seçilib. Həqiqətən də, insan məhz elmlə, kitabla tərbiyələnir. Həmvətənlərini gözəl əxlaqa çatdırmaq üçün Hacı Zeynalabidin Tağıyev də ən düzgün yolu seçmişdir. Nadanlar üçün dünya malı bir içim su kimidir. Maddi sərvəti cahilə sərf edib heç bir nəticəyə nail olmadan israf etməkdənsə, birinci növbədə onu elmlə tərbiyə edib gözəl əxlaqa, əsl ziyalılığa çatdırmaq daha məqsədəuyğundur. O, buna nail oldu. Çiçəkləri görmək üçün baharı gözləmək zərurəti var. Vaxtı ilə əkdiyi toxumlar sonralar cəmiyyətin ağır yükünü çiyinlərində daşıdı…

Torpağın bağrından qara qızıl çıxaran bu nurlu insan onu daha qiymətli cavahiratlarla – elmə qayğı ilə, mətbəələr, məktəblər açmaqla, xarici ölkələrə tələbə göndərməklə və bu kimi digər xeyriyyə işləri ilə dəyişərək həm dünya, həm də axirət səadəti üçün təminat hazırlayırdı. Onun gördüyü işləri ucdantutma sadalamağa ehtiyac yoxdur. Təkcə cəhl-cəhalətə qarşı apardığı səbirli, təmkinli mübarizə, hər birimiz üçün bir örnəkdir. Mənəvi dəyərlərimizə sidq ürəkdən bağlı olan və “Qafqazın padşahı” epitetinə müyəssər bu şəxs böyük əcdadlarımızın izi ilə getmiş və bu yolda atdığı hər bir dəyanətli addımda əsrlərin ənənəsini qoruyub saxlamışdır. Həqiqi zənginliyi – qəlb zənginliyini əmanət olaraq sinəsində daşıyan Tağıyev Allahın lütfü ilə bu zənginliklə parlamış və nur daşıyıcısı olan ziyalılar ordusunun mənəvi sərkərdəsinə çevrilmişdir. Qeyd edək ki, Tağıyev gördüyü işlərin bir qisminə çox çətinliklə nail olub. Ələlxüsus da, söhbət maariflənmədən düşdükdə ona bu işdə əngəl törətməyə çalışanlar da olurdu. Necə deyərlər, xeyirli işin maneələri çox olur. Lakin niyyətin saflığı İlahi yardımın gəlməsinə böyük vəsilədir. Son nəticədə qol qoyduğu işlərin sayəsində bir çox insanların həyatı rövnəqlənmişdir. Günümüzdə belə onun tikdirdiyi binalardan cəmiyyətimiz faydalanır. XIX əsrin sonları və XX əsrin əvvəllərində Hacı Zeynalabidin Tağıyev milləti üçün ən zəruri olanı etmiş, yəni maariflənməyə çox böyük önəm vermişdir. XXI əsrdə də o, bizlər üçün nümunədir. Günümüzdə bu ənənə qorunub saxlanılır. Respublikamızın dörd tərəfində açılan təhsil ocaqları buna bariz sübutdur.
Deməli, əsl zənginlik mənəvi zənginlikdir. İlahi tərəfindən bəxş olunan maddi sərvət yalnız mənəvi zənginliyin sayəsində həqiqi dəyərini qazanır

[1] Həsən bəy Zərdabi
[2] (Sərvət və səxavətlə məşhur olan Cənab Hacı Zeynalabidin Tağıyevin tərcümeyi-əhvalı” Bakı, 1993)

[3] (Tirmizi, Birr,7)

Yazar : Ceyhun Əsgərov
Tarix : 21 Aprel 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!