Cehiz və toy hədiyyəsi

17.12.2015 | 306 dəfə baxılıb.

Bətül xanım:

– “Hikmət möminin itirilmiş malıdır” (Acluni “Kəşfül-Xafa” I/435) bu­yurmuş Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm). Biz də bu adə­ti götürək, ümumiləşdirək, hər kəsə yayaq, özümüz də əməl edək, – deyə öz həyat yoldaşı ilə məsləhətləşdi.

Əri onun söylədiklərini uzun-uzadı götür-qoy etdi. Həqiqətən də, ağlabatandır. Həm tam təmin olunmuş bir ev qurular, həm qız və oğlan tərəfi uzun illər bahasına başa gələn, maddi iflasa gətirib çıxaran cehiz hazırlıqlarından azad olar, həm də dost-tanış, hər kəs razı qalardı. Toy hədiyyəsinin yerinə düşəcəyinə, faydalı olacağına və əyər-əskiklikləri aradan qaldıracağına əmin idi. Amma bu, mümkün idimi? Görəsən, qohum-qardaşa söyləyə bilərmi? Həm də söyləsə, görəsən, qəbul edərlərmi?

Bir ara: “Nə isə,” – dedi Yılmaz. Sonra isə xəyallar aləmindən uzaqlaşıb öz-özünə: “Mən öz üzərimə düşəni edim, əgər yaxşı şeydirsə, niyə qəbul etməsinlər ki? “Ağlın yolu birdir” deyərlər. Yaxşı başa sala bilsək, qəbul etməzlərmi?” – dedi və işə başlamağa qərar verdi.

Məsələ belədir: ABŞ-da ailə qurmağa hazırlaşan gənc cütlük baş-başa verib gələcək evləri üçün lazım olan hər şeyin siyahısını tuturlar. Stəkandan qaşığa, süpürgədən yataq dəstinə, paltaryuyan maşından soyuducuya qədər – ağıla gələn hər şeyi qeyd edirlər. Sonra da iynədən ipliyə qədər hər şey satılan “Makcy`s” , “Sears”  kimi böyük mağazalara gedərək bunları bir-bir seçib hesab açdırırlar. Toy dəvətnamələrinin aşağı hissəsinə hesab nömrəsini yazdırırlar. Yəni gənclərin toyuna hədiyyə almaq istəyirsinizsə, ya internet vasitəsilə, yaxud da mağazaya getməklə cibinizə uyğun mallardan bir-ikisini seçir, ödəniş edir, sonra da ya özünüz aparır, ya da mağazadan ünvana çatdırılmasını xahiş edirsiniz.  Hə, bu arada bir neçə nəfər şərik olub böyük əşyaları da ala bilər. Beləcə ev əşyaları müəyyən qədər tamamlanır.

İndi əyri oturaq, düz danışaq. Əvvəllər təzə gələn gəlin eltiləri, qayınanası, qayınatası ilə birlikdə yaşayırdı, ona görə də çox əşyaya ehtiyac olmurdu. “Əvvəllər” deyəndə bizim nənə-babalarımızın dövrünü nəzərdə tuturam. Cehizlər yazma (əli işləməli naxışlı baş örtüyü), namazgah, əl işləməli dəsmal, kənarları əl işləməli süfrə, kürəkən üçün əllə hörülmüş  qazağı və  başqa əşyalardan ibarət idi ki, bunların hamısına  da bir sandıq bəs edərdi. Bu, bir.

İkincisi, həyat şərtləri olduqca sadə idi. Bu gün ev üçün son də­rə­cə zəruri sayılan, yoxluğunu təsəvvür edilməyən soyuducudan paltaryuyan maşınına, pərdədən yataq dəstinə qədər  bir çox əşyalar insanların ağlına belə gəlmirdi.

Üçüncüsü, əcnəbi mədəni təsirlər də, demək olar ki, yox idi. Ne­çə əsrlər, neçə nəsillər boyu həyat şəraiti eyni şəkildə davam edirdi və hər kəs həyatından məmnun idi. Amma sənaye dövrü, elm, texnika, informasiya texnologiyası, televiziya, qəzet, jurnalla yanaşı, internet əvvəlcə şüurumuza, sonra həyat tərzimizə təsir göstərdi. Böyük İslam aliminin də bir yerdə dediyi kimi, müasir mədəniyyətin qeyri-zəruri olan şeyləri zəruri göstərdiyi dövr gəldi.

 Sonra nə baş verdi? Əvvəlcə çoxtərkibli ailəni aztərkibli (“nüvə ailə”) ailə forması əvəz etdi. Artıq ailə quran gənclər müstəqil ev olurdu, olmaq məcburiyyətində idi. Əks halda, qayınana ilə birlikdə yaşamağa razı olan qız tapılmadığı üçün subay qalmalı idi. Bu, bir tərəfə qalsın, yeni evə başdan ayağa hər şey lazım idi. Tərəflər mətbəx qız evinin, qonaq otağı oğlan evinin, “paltaryuyan maşın sənin”, “soyuducu mənim” deyə əşyaları bölüşdürməyə başladı və bu, hazırda da davam edən ənənəyə çevrildi; artıq əşyalar haqqında danışmağa, razılaşmağa belə lüzum qalmadı. İndi qız evi də, oğlan evi də “ev tapşırığını” çox gözəl bilir. Ən əhəmiyyətlisi isə, “Onda var, məndə niyə olmasın?”, “Qızımı camaatın içində rəzil-rüsvay edəcəyəm, əlbəttə, ən yaxşısından olacaq!” kimi müəyyən mənada “adət bəlası” deyə xarakterizə edilən bir şüur dəyişikliyi gerçəkləşdi. Beləcə “anamın bir sandıqlıq cehizi iki nəsil sonra yük maşını qədər” oldu.

Bunlar bu gün mən də daxil olmaqla, hər birimizin istəsə də, is­təməsə də, yaşadığı həyatın təbii reallıqlarıdır. Bunu qısa zamanda də­yişdirməyə gücümüz də çatmaz. Onsuz, heç dəyişdirmək istəyən də yoxdur. Hər kəs həyatından məmnundur. Elə isə Bətül xanımın­ hikmət kimi xarakterizə etdiyi təcrübəni eynilə həyata keçirə bilərikmi? Onsuz da toy olacaq, dost-tanış hədiyyə alacaq, ev başdan-ayağa təchiz olunacaq. Həm tamamilə məsrəfsiz yeni yuva qurular, həm yeni ailə qurmuş gənclər və valideynlər ağır maddi yük altına girməzlər, həm də dost-tanış, qohum-qardaş toy hədiyyəsinin faydalı olduğunu görüb mənən rahat, qəlbən şad olarlar. Hamısından daha önəmlisi isə sırf bu xərclərə görə evlənə bilməyən, “övladlarını bir tərəfə çıxara bilməyən” ailələr də rahat olarlar.

Məncə, tətbiq edilə bilər. “Bir şeyi bütölükdə əldə edə bilməmək ondan tamamilə imtina etməyə əsas vermir” (Bu, dinin mahiyyətinə xas qaydadır. Acluni, “Keşfül-Hafa” II/256) deyimi ilə bir yerdən başlamaq olar. Siz necə düşünürsünüz?

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!