Camaatın içində utandırmayın

22.07.2013 | 1.188 dəfə baxılıb.

İzmir tərəflərdə ziyalı təbəqənin yaxşı tanıdığı bir neçə sənətkar vardır. Bunlardan biri həm rəssam, həm heykəltəraş, həm də direktordur. Eyni zamanda əli və qəlbi açıq insandır. Əsərlərini insanlarla paylaşmaqdan həzz almaqla yanaşı, onlara yardım etməkdən də çəkinmir. Bir kreslo ilə uzun müddət məşğul olur, bəyənmədikdə isə dərhal onu bir kənara atır. Buna görə də sənətkarların məhəbbətləri belə təhlükəlidir.

Sənətində uğur qazanan və eyni zamanda ailəsində də xoşbəxt olan addımlar çox azdır. Tolstoya baxın, rus xalqının dühasıdır. Amma səksən iki yaşında yoldaşından və cəmiyyətdən qaçıb dağlara sığınmışdı.

Sənətkar insanlar daima axtarışdadırlar, cəhdlərini, əməklərini əsərlərinə yönəltdikləri vaxt böyük ixtiralara imza atırlar. Dostcanlıdırlar. Sevdiklərini də, həqiqətən, başqa cür sevirlər. Amma hamısına aid olmasa da, onları gözləyən təhlükə var: zəhmətlə, məsrəflə düzəltdikləri zərif və bahalı kreslonu bir anda zibilə atmaqdan çəkinmədikləri kimi dostluq və münasibətlərini də “zibilə” ata bilələr.

Bu sənətkar ruhlu insanlar öyrənməyə meyillidirlər. Olduqca şirin söhbətləri olur. Ancaq işlərinə çox bağlandıqları üçün haqsız yerə bir ünvan alıblar. O ünvan da “ağıllı”dır.

“Ağıllı”

Məhz bizim bu “ağıllı” ilə Parisdə sərgi salonunun ən gözəl hissəsində söhbət edirik. Hər kəs onun nümayiş etdirdiyi sərgiyə heyranlıqla baxırdı. Məni dostuna fikirli olduğu üçün səhvən “Adnan bəy” adı ilə təqdim etdi. Ola bilər, bu, normal haldır. Siz əgər zəkanızı göstərmək və şirin görünmək üçün ortaya atılıb: “Yox, mənim adım filankəsdir,” – desəniz, xeyli “təqdir” qazanarsınız. “Afərin, adını unutmayıb, görün necə ağıllı insandır,” – sözlərini eşidərsiniz.

Ümumiyyətlə, insanlar ixtiyari olmasa da, bu xətanı işləyirlər. Bunu bəzən uşaqlarınıza, müəllimlərinizə və ya iclaslarda yoldaşlarınıza qarşı da edirsiniz. Sonra da uğursuzluğa düçar olanda heyrət içində: “Hamı məni yanlış anlayır. Ünsiyyət qura bilmirəm, müəllimim məni çox istəmir. Tələbələrimin məndən xoşu gəlmir. Marketinqdə heç cür uğur qazana bilmirəm,” – deyə düşünməyə başlayırsınız. Dalğınlıqla və qeyri-ixtiyari etdiyiniz xətanı düzəldərkən əsl, gerçək “şəxsiyyətiniz” üzə çıxacaq. Məhz buna görə ünsiyyətdən təcrid edilərsiniz. Çünki siz “fürsət axtarıb yer tutmağa çalışan” möqeyində görünəcəyiniz üçün zərərlisiniz.

Məni “Tamer” əvəzinə “Adnan” deyə təqdim etdi Mustafa bəy. Bizə qəhvə təqdim etdikdən sonra tanış etdiyi adam məndən sorşdu: “Parisə gələndə sizi necə tapım?” Mən də ona kartımı verərək: “Adım Adnan Tamerdir, ünvan və əlaqə telefonu kartda var,” – deyəndə Mustafa bəyin üzündə xoş bir təbəssüm gördüm.

Nəzakət mövzusuna qabaqda toxunacağam. Nəzakət, ümumiyyətlə, təfərrüatın təfərrüatıdır. Sizi fərqləndirən, heyrətə salan incəlikləri gözdən qaçırmayın. İşimiz çoxdur, vaxtımız yoxdur, layihələrimiz var, şirkət sahibiyik, böyümüşük, məşğuluq, pulumuz da çoxdur. Ancaq bu aksessuarınız, yəni nəzakət aksessuarınız yoxdursa, maşınının arxasına “Avarayam, pul məndədir” şüarını yazdıran “insanları” tənqid etməyə haqqınız olmaz.

Mədəni insan, ziyalı insan “qüsurlarını daha tolerant şəkildə dinləyə bilən insan” deməkdir. Bəzən sevdiyiniz bir insanın adını unudursunuz? Bildiyimiz o qədər şeyi unuduruq ki!? Üstəlik də elmlə məşğul olursunuzsa, bəzən səhər nə yediyinizi də unudursunuz. Dalğınlıqdan istifadə etməyib fəzilətli davransanız, uzun müddət dəyərli insan kimi qəlblərdə yaşayacaqsınız.

Bir anlıq fikirli vaxtıma düşdü və üç yaşlı həyatının, yaşının ən həssas dövründə olan oğlumu camaatın içində və ucadan danladım. Əsəbim sakitləşməmişdi, hələ də hirsli idim. Oğlum Səid mənə yaxınlaşıb qulağıma əyildi: “Məni haqsız yerə danladığını fikirləşirəm, ata, iki dəqiqə sonra əsəbin sakitləşəndə məni utandırdığın üçün peşman olacaqsan. Sağ yanağımdan öpsən, barışarıq,” – dedi və bir kənara çəkildi. Camaatın içində yaşına görə təpki göstərib qapını üzümə çırpa bilərdi və ya cavab qaytara bilərdi. Bunları məni incitmədən, diqqət çəkmədən qulağıma dedi. İki dəqiqə sonra qan vücuduma yayılmağa başladıqda hirsim soyudu, özümə gəldim.

Bilirsiniz, hirsləndiyiniz vaxt düzgün qərar vermək üçün hormon ifraz edən vəzlər fəaliyyətini dayandırır və məntiq “donur”. Cinayət işləyən insanlar, ümumiyyətlə: “Bir az vaxt qazansa idim, bunu etməzdim,” – deyir və peşmançılıq hissi keçirirlər. Bunu şəxsən mən özüm müşahidə etmişəm. İki ay qaldığım İzmir Buca həbsxanasında bir kamerada məhkum yoldaşlardan dinləmişdim. İçəri düşən insanların ilk günkü halları gözümün qabağından heç getmir. Əlli nəfərlik kameramız dolub-boşalırdı. Peşman olmayan məhkum görmədim. Vicdan əzabı onları həbsxanadan əvvəl məhkum etmişdi. Ona qulaq asmadıqları üçün çox peşman olur, kədərlənirdilər.

Peyğəmbərimizi: “Hirsləndiyiniz vaxt ya oturun, ya da dəstəmaz alın,” – buyurduğunu bilirdim, bunu çox yaxşı başa düşmüşdüm orada. Yaxşı ki, övladım dialoq üçün açıq qapı saxlamışdı. Mənim işim isə açıq qapıdan içəri girmək idi. Düşündüm: “Yaxşı ki açıq qapı saxladı”.

Hər kəs uşağını sevir, dostunu sevir, ana və atasını sevir. Ancaq onlara hörmət edən çox azdır. Hörmət eşq və sevgidən qabaq gəlir. Yanına getdim: “Sağ yanağından öpə bilərəm, övladım?” – dedim. Çox ibrətli bir cavab verdi: “Sənə görə sağ yanaq, yoxsa mənə görə sağ yanaq?”

Hirslənməyə bir səbəb vardı artıq. Amma bu dəfə ona hörmət edəcəkdim: daha təmkinli, sakit və məntiqli idim. “Buna bax, mənimlə oyun oynayır,” – deyə içimdən bir səs gəlsə də, o səsə etibar etmədim, yaxşı ki, etibar etməmişəm.

Həmişə hadisələri öz baxış bucağımdan qiymətləndirirdim. Görünür, mənə dərs vermək üçün bu fürsəti dəyərləndirmək istəyirdi. Öz-özümə: “Səbir et, uşağın sənə nə isə demək istəyir, bu fürsəti əldən vermə,” – dedim. Düşündüm, səhvimi başa düşmüşdüm, amma bu, mənə sərf etmirdi. “Onun ağlı kəsməz, mən daha təcrübəliyəm,” – deyə uşağımın geyiminə, proqramına, hər şeyinə çox müdaxilə edirdim.

“Sənə görə sağ yanaq, yoxsa mənə görə sağ yanaq?”

“Sənə görə” desəm, üstünlüyümü itirəcəyimdən ehtiyat edirdim. Bir az da haqlı idim. Qayğılarım vardı. “Sənə görə” vurğusunda da, “Mənə görə” vurğusunda da bir yanlışlıq vardı. Mən “mənə görə” deməklə bir xəta edəcəkdim, amma “sənə görə” dedikdə ona da xəta etdirəcəkdim, onun da cəmiyyətlə münasibətləri sağlam olmalı idi. Mənim qarşımda günahsız idi. Onu həmişə “mənə görə” istiqamətləndirməyə çalışırdım, amma səhv edirdim. “Sənə görə” desəm, onun üçün “mənə görə” ilə eyni mənada olacaqdı, o da dostlarına, övladlarına yoldaşına qarşı eyni yanlışı edəcəkdi.

Bunları saniyələr içində düşündüm. Qəza keçirənlər bilər, o bir neçə saniyə içində hər şeyi gözünüzün qabağına gətirirsiniz. Necə xilas olacağınızı, sizi gözləyən ailənizi, etdiyiniz xətaları düşünür və son dualarınızı edirsiniz.

Mən də çox sürətli düşünmüş və yaxşı bir fikir tapmışdım. “Sənin sağ yanağını öpəcəyəm övladım,” – dedikdə verdiyim cavab oğlumun çox xoşuna gəldi. “Məncə” deyil, “səncə” deyil, “mənə” deyil, “sənə” deyil, “sənin” demək çox yaxşı bir həll yolu olmuşdu.

Bu söz çox xoşuma gəlir: “Anacan, mənə deyil, mənimlə danış, xahiş edirəm!”

Onun sağ yanağını öpdüm. “Ona” deyil, onunla danışmaq xoşuma gəlmişdi. Yeni bir dost qazanmışdım. Həm də ömürlük…

“Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!