Belə də zarafat olar?

22.07.2013 | 1.718 dəfə baxılıb.

Gecikdiyimiz üçün tələsir, tələsdiyimiz üçün də gecikirik.

Günay xanım 10 il idi ki, ailə qurmuşdu. Yoldaşı Əhməd bəy və bir övladı ilə xoşbəxt  ömür sürürdü. Evli olduğu müddətdə problemləri heç olmamışdı? Əlbəttə, olmuşdu, amma qarşılıqlı anlayış, hörmət və sevgi sayəsində hamısının öhdəsindən gəlmişdilər. Amma birindən savayı: Əhməd bəyin etdiyi ağır zarafatlar. Harada və nə vaxt ediləcəyi bilinməyən zarafatlar Günay xanımı çox incidirdi.

Zehinlərinizi bulandırmamaq üçün daha detallı nümunə verməyəcəyəm, amma bunu da əlavə edim ki, 40 yaş sindromunda tez-tez rast gəlinən ikinci evlilik düşüncəsindən, müxtəlif davranışlara – ifadəyə görə üzrlü sayın – həyat yoldaşını bəzi heyvanlara bənzətməyədək uzanan bir yoldur bu. Günay xanımın ailəsində artıq bıçaq sümüyə dirənmişdi. Evin xanımına görə bircə çıxış yolu vardı: Boşanma!

Mənim: “Zarafatların ağırlığı məsələsində yoldaşınızı heç xəbərdar etdinizmi, narahatlığınızı heç dilə gətirdinizmi?” – sualıma Günay xanım belə cavab verdi: “Bəli, demişəm”. Əhməd bəyin xanımının xəbərdarlıqlarına cavabı həmişə eyni imiş: “Sən zarafat başa düşmürsən! ”

Günay xanımdan həyat yoldaşının uşaqlığı, ailə vəziyyəti və ətraf dairəsi haqqında bəzi məlumatlar aldım. Əhməd bəy üç uşaqlı bir ailənin ortancılı idi. Patriarxal bir ailədə böyümüşdü. Atasının dediyi qanun idi, bir sözünü iki etmək olmazdı. Uşağını hiss etdirmədən sevən bir ata imiş. Məsələn, Əhməd bəy atasının onu bircə dəfə də olsun qucağına aldığını, oxşadığını, oynatdığını xatırlamırdı. Bundan başqa, ortancıl övlad olmağın çətinliklərini də çəkmişdi. Zəif olduğuna görə, məhəllə və məktəb uşaqları arasında həmişə əzilmişdi. Ehtimal ki, bu əzilmə hissi onu ətrafından uzaqlaşamağa məcbur etmişdi. Özünə qapanan, ətrafdan təcrid olunan Əhməd bəy ən doğru yolu seçərək universitetə yönəlmişdi. Onu başqalarından fərqləndirən yeganə cəhət, bəlkə də, bu ali təhsil idi.

“Bunun mövzu ilə nə əlaqəsi var?” deyə düşünənlər ola bilər. Qısaca açıqlasaq, ümumiyyətlə, bu cür davranışlar ən çox qorxaq insan tipləri üçün xarakterikdir. Bundan başqa, davranışlar insanın yetişdiyi ətraf mühitlə də sıx bağlıdır. Psixologiya elmində bu hal “passive aggression” (passiv təcavüzkar) adlanır. Belə insanların ən xarakterik xüsusiyyəti özünü ifadə və isbat etmə istəyidir. Başqa sözlə, belə insanlar güclərini göstərmək və beləcə cinsi üstünlükdən də doğan cəsarətlə başqaları tərəfindən qəbul edildiklərini görmək istəyirlər. Təbii ki, bu ac istəklərini “doydurmaq” üçün  ilk olaraq öz ailələrini, həyat yoldaşları və övladlarını hədəf seçirlər.

Çıxış yolu nədir?

İlk məsləhətim: birinci işiniz psixoloqa baş çəkmək olmalıdır.

İkinci məsləhətim: din və dini dəyərlərimiz… Əhməd bəyin dindarlığı ilə dini dəyərlərin məcburiliyi bu nöqtədə mütləq qarşılaşdırılmalıdır. Əhməd bəyə hərəkətlərinin yanlış olduğunu başa salmaq üçün ən çox din adamları ilə görüşdürülməsinə ehtiyac vardır. Bu adamların ayə və hədislərlə yol göstərməsi mütləq faydalı olacaqdır. Hətta yaşlı və təcrübəli elmli adamlarının da, – din adamı olmasalar belə, – nəsihətləri yararlı ola bilər.

Üçüncü məsləhətim: Günay xanımın bir az da səbirli olmasıdır. Onsuz da, hadisəyə müdaxilə 10 il gecikib. İnsan təbitəinin bir parçası olan bu xüsusiyyəti istədiyimiz şəklə salmaq uzun vaxt aparacaq. Kaş ki, problem bu həddə çatmadan çarə axtaraydılar. Yəni boşanma  mərhələsinə gəlmədən başqa adamlardan məsləhət ala idilər. Bəzən biz: “Ailə sirridir,” deyib problemlərə müdaxilədə ləng tərpənir; “Ailə sirrimizi kənar şəxslər bilməməlidir” düşüncəsi ilə bəzi problemlərimizi ən yaxınlardan belə gizlədirik. Sonra da asanlıqla müalicə olunası “yaralar” qanqren şəklində qarşımıza çıxır. Bu vaxt da məsələni həll etməyə tələsirik. Əhməd Səlimin gözəl ifadəsi ilə: “Gecikdiyimiz üçün tələsir, tələsdiyimiz üçün də gecikirik”. Çünki qarışıq ağıl məntiqli bir şey fikirləşə bilmir, müntəzəm olaraq ancaq radikal həll yolları təklif edir. Günay xanımın boşanma istəyi də bunula bağlıdır.

Dördüncü məsləhətim: dua. Qəlblər Allahın əlindədir. Nə bilmək olar, bəlkə də, Rəbbimizə səmimi yalvarış bir anda dərdimizə dərman olar.

 “Boşanmaq üçünmü evlənirik?” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!