Bayram

16.12.2015 | 314 dəfə baxılıb.

Əli öz-özünə söylənirdi, amma bilmirdi ki, ən yaxın dostu Hə­sən­ onu dinləyir. Aman Allahım, necə zəhər kimi cümlələrdir! Üs­təlik bayram ərəfəsində. “Bu insan övladı nə nankordur! İnsan heç ət­rafına baxmaz? Ac deyilik, çöldə qalmamışıq. Kifayət qədər maaşlı bir işimiz də var, Allaha şükür. Hələ bunlar bir tərəfə, sağlamlığımız, səhhətimiz də yerindədir. Nur kimi tərbiyəli övladlarımız da var, gələcəyə ümidlə baxırıq.  Elə ailələr var ki… Bax xalan qızına, o qədər var-dövlətin, mal-mülkün içində ana olmaq üçün gəzmədiyi xəstəxana, müraciət etmədiyi həkim qalmayıb. Nəticəsi nə oldu? Ola bildimi? Keçən il də Amerikaya getdi. Xərclədiyi pulun da sayı-hesabı yoxdur. Allah verməyəndə vermir. Əgər xoşbəxtliyimizə səbəb axtarırıqsa, təkcə övladlarımız yetər. Daha nə istəyirsən, ay arvad? Yox, bayramda uşaqlara bu paltarı alaq, yox, o paltarı alaq?! Almayaq! Axı hamıdan yaxşı bilirsən ki, o paltarları almağa maddi imkanımız yoxdur. Bunu bilə-bilə bu bayram ərəfəsində niyə iki ayağını bir başmağa keçirmisən? Səni heç cür başa düşə bilmirəm. Hamımızın bayramını zəhər etdin. Keçən il də eyni şey olmuşdu. Anan aramızda nəsə olduğunu başa düşüb, səni bir kənara çəkmiş, nəsihət vermişdi. “Südümü halal etmərəm” və ya nə demişdisə, ondan sonra mənimlə danışmağa başladın. Yadına düşdümü? Hələ mənə söz vermişdin. Bir daha belə inadkarlıq etməyəcəksən deyə. Amma nə olsun ki! Köhnə hamam, köhnə tas! Allah Quranında…”

Həsən Əlinin öz-özünə belə deyinməsinə artıq dözə bilməyib onun sözünü yarımçıq kəsdi. Çayxanada olan başqa adamlar da masa­da tək oturan Əlinin getdikcə yüksələn səsinə qulaq verməyə başlamışdı. Həsən: “Əli, Əliii…, Əli özünə gəl,” – dedi. Əli onun səsindən diksinib özünə gəldi. Həsən düşündü ki, yəqin, budəfəki mübahisə əvvəlkilərdən daha sərt olub. Əli hələ də hadisənin təsirindən çıxa bilməyib. Sonra da Əlidən: “Yenə nə baş verib?” – deyə soruşdu.

  Həsən Əlinin ən səmimi dostu, dərd ortağı idi. Bunun üçün Əli onun haqqında: “Allah hər kəsə onun kimi dost nəsib etsin,” – deyirdi. Taleyin qəribə hökmüdür ki, bu dəfə də yenə qarşısına o çıxmışdı. Əslində, məsələni heç kimə açmaq istəmirdi. Həmişəki kimi, bu dəfə də yenə “bu da keçib gedər” deyəcəkdi. “Amma olan olub artıq, barı dərdləşim” deyib dərdini danışmağa başladı.

Əli:

– Uşaqlara bayram payı almaq üçün bazara… – demişdi ki, Həsən sözünü kəsdi:

– Onları bir az əvvəl eşitdim. Yoldaşın bahalı paltarlar seçdi, sən də “ala bilmərəm” dedin, elə deyilmi?

 – Bəli, eynən dediyin kimi. Həm də uşaqların yanında. Ay Hə­sən, artıq uşaqlarımız böyüyüb. Böyük oğlan orta məktəbə gedir, mad­­di vəziyyətimizi az-çox bilir, anlayır. Balaca qız heç, amma oğlanda olan yetkinlik və anlayış yoldaşımda yoxdur, ay qardaş! Mən bax bu­­na görə yanıb-yaxılıram. İnanıram ki, uşaqları qarşımızda oturdub­ ba­şa salsaq, “onu deyil, bunu” desək, büdcəmizin imkan verdiyini­ alıb evə gətirsək, o bazar, bu bazar gəzməsək, mənim uşaqlarım qəbul edər, “ata, baş üstə” deyərlər. Ah, bizim vaxtımızda belə şeylər yox idi? Anamızın tikdiyi “paltarları” ilk dəfə bayramda geyinərdik, o da olardı bayram payı.

– Yanılırsan, Əli. Artıq dövr o dövr deyil. “Bizim vaxtımızda…” deyib bəzi hərəkətlərinə haqq qazandıra bilməzsən. Atanın döv­rün­də avtomobil, ananın dövründə də paltaryuyan maşın yox idi. Onda belə çıxır, biz avtomobilə minməyək, paltaryuyan maşından da istifadə etməyək? Eləmi?

– Mən onu demək istəmirdim.

– Bilirəm, onu demək istəmirsən. Amma bir daha bu dəlili gətirməyəsən deyə söylədim bunları!

– Ay Həsən, elə ata varmı ki, bayramda uşaqlarına başdan-ayağa tə­zə paltar almaq istəməsin. Hansı ata istəyər ki, övladı öz dostunun, yoldaşının yanında geyiminə görə xəcalət çəksin, başıaşağı olsun?

–  Bax burada haqlısan, Əli.

– Təbii ki, haqlıyam, amma bunu ona başa salmaq çətindir. Nankordur bu varlıqlar. Nankordur, vəssalam! Quranın “Mənə şükür edən qullarım nə qədər də azdır” ayəsinə tamamilə uyğun gəlirlər bun­­lar. Başqa qadınlar da tanıyıram, bunların hamısı belədir.

– Yaxşı, Əli, ancaq ümumiləşdirmədən uzaq ol.

– Niyə uzaq olmalıyam? Allah Rəsulu (sallallahu əleyhi və səl­ləm) buyurur: “Qadınlar qabırğa sümüyündən yaradılmışdır. Yəni əy­­ridirlər. Düzəltmək istəsən, qırarsan. Onu elə olduğu kimi qəbul edə­cəksən”. Möcüzəvi bir təsbitdir, möcüzə!

Həsən başa düşdü ki, indi Əliyə nəsə izah etməyin vaxtı deyil. Çünki Əli hələ də hadisənin təsirindən çıxa bilməmişdi. Mövzu uzandıqca o daha da hiddətlənir, səsinin tonunu yüksəldir, özünə nəzarəti itirirdi. Dostunu sakitləşdirmək üçün başqa yol tapmalı idi Həsən.

– Gəl, Əli, bir az bayırda hava alaq. Soyuq da olsa, gəl səninlə bir az ətrafda gəzişək.

Bəli, müzakirələr uzanıb gedəcək, Həsən dostunu, bəlkə, sa­kit­ləşdirə biləcək, bəlkə də, yox. Ancaq axırda hərə öz evinə qayıdanda­ Əli də xanımı ilə baş-başa qalacaq, yenə üz-üzə baxacaq, yenə eyni yastığa baş qoyacaq… Və hər halda bayram da gələcək. Amma o evdə bayram qeyd ediləcək və ya necə qeyd ediləcək? Artıq orasını siz təxmin edin.

Dəyərdimi bütün bunlara? Görəsən, bir az anlayışlı, bir-birini başa düşüb bayramı bayram edə bilməzdilərmi?

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!