Baxış tərzi və qayınana

15.12.2015 | 274 dəfə baxılıb.

Necə düşünürsünüz, Qurana “Allah kəlamı” nəzəri ilə baxmaqla “adi bir insanın yazdığı kitab” nəzəri ilə (haşa!) baxmaq arasında nə qədər fərq var? Hesab edirəm ki, bu iki fərqli və bir-birinə zidd baxış tərzinin Qurandan faydalanmaqda böyük rol oynayacağını izah etməyə  ehtiyac  yoxdur.

“Nə əlaqəsi var?” Şəxsən mən “əlaqəsi var” deyirəm. Gəlin və kürəkənlərin qayınanaqayınatalar haqqında “Bunlara döz­mə­yə,­ baxmağa məcburuq” düşünməsi ilə “Bunlar Allahın bizə əma­nə­­tidir, hətta bizim üçün dünyada bərəkət, axirətdə qurtuluş və­si­­ləsidir” şəklində baxış tərzlərini yuxarıdakı müqayisə ilə eyni sə­viy­yədə götürmək olar. Bu fərqli baxış tərzləri həm də fərqli ailə mü­na­si­bətlərinin ‒ normal və ya münaqişəli ‒  formalaşmasında mühüm rol oynayır.

Elə isə gəlin və kürəkənlər ilk növbədə Quran və Sünnətdən qaynaqlanan İslami baxış tərzinə yiyələnməlidirlər. Bu, bir tərəfdən İslamın əsas prinsipi, digər tərəfdən də xoşbəxtliyə gedən yoldur.

İkincisi, eyni şərtlər böyüklərin gəlin və kürəkənlərinə qarşı­ mü­nasibətlərinə də aiddir. Hətta yaş, təcrübə, yetkinlik, övladların şəfqət gözləməsi və s. ünsürlər onların bu məsələdə ilk addım atmasını tələb edir. Daha aydın desək, “Bu gəlin övladımın xoşbəxtlik vəsiləsidir, mənim üçün qızımdan da irəlidir” söyləmək hara, “Oğlumun mənə olan sevgisinə şərik olacaq, onu mənə düşmən edəcək, ürəyimin bir parçasını əlimdən alacaq” deyib gəlinə düşmən kimi baxmaq hara? Acı da olsa, həqiqətdir. Bəlkə də, psixoloji haldır. Gəlininə bu gözlə baxan qayınanalar, kürəkənlərinə “İllərlə çalışıb-vuruşub əldə etdiyim sərvətimə zəhmətsiz sahib olacaq” deyən qayınatalar da var.

Nədir bunun səbəbi? Gəlin-qayınana münasibətləri ilə bağlı mü­şahidə edilən xoşagəlməz hallar? Yoxsa evlilik ərəfəsində meydana­ çıxan kiçik problemlər? Və ya İslamın bir həyat modeli kimi hə­ya­tı­mızdan uzaqlaşması? Az tərkibli ailə tipinin əvəzolunmaz amilə çevrilməsi? Qeybət, dedi-qodu kimi dində haram buyurulan əməl­lərin  daha çox yayılması? Qayınananın da vaxtilə öz qayınanasından belə münasibət görməsi? Xarakter və şəxsiyyət zəifliyi? Yoxsa evə və ya gəlin-kürəkənə hakim olmaq uğrunda mübarizə?

Bəlkə də, hamısı və digər saymadığımız səbəblər. Ancaq son təh­lil­də bunların hamısının yanlış olduğunu görürük. Artıq gəlin də, kü­rə­kən də hər iki ailənin əvəzolunmaz fərdləridir. Bu həqiqətin sözlə ifa­dəsi asan səslənsə də, tez-tez dilə gətirilsə də, həyatda öz əksini tapması problemlərdə müşayiət olunur. Əslində, məhz burada sükan arxasına keçmək lazımdır. Bu yalnız sözügedən xoşagəlməz halları aradan qaldırmaqla, tərəflərin qarşılıqlı sevgisi, inanc və fədakarlığı ilə həyata keçirilə bilər.

Üçüncüsü, sizcə, insan doğma övladını, yoxsa nəvəsini daha çox istəyir? Millətimizin bu suala cavabı məlumdur. Əlbəttə ki, “nəvə”. Səbəbini bilmirəm, amma nədənsə bizlərdə nəvə sevgisi övlad sevgisini üstələyir. Bu da ailə tərbiyəsi nöqteyi-nəzərindən problemlərin meydana gəlməsinə səbəb olur. Çünki ata-ana bilərəkdən və ya bilməyərəkdən övladlarına özlərinin mənimsədiyi metodla tərbiyə vermək istəyirlər. Bu metodda sevgi və şəfqətlə yanaşı, cəzalandırma da vardır. Ancaq baba və nənədə sevgi və şəfqət əsas yer tutur.  Bu da uşaqların nənə və babalarına nə qədər baş çəkməsindən və onların yanında nə qədər vaxt keçirməsindən asılı olaraq ərköyünlüyə səbəb olur.

Dördüncüsü, dedi-qodudur. Ailə məsələləri yalnız ailədə qalmalı, əsla ailədən kənara çıxmamalıdır. Ailə üzvlərinin qüsurları, anlaşılmazlıqları, bir-biri ilə mübahisələri bir sirr kimi saxlanılmalı, heç kəs bilməməlidir. Amma nədənsə bir ailə problemi hər kəsin dilinə düşür. Demək olar, hər kəs o problemlə bağlı fikir yürüdür, proble­min həlli üçün məsləhətlər verir. Ümid verən də olur, qəlb qırıb ürək ya­ralayan da… Bütün bunların tərəflərə təsir etməməsi isə qeyri-mümkündür. Təsir etməməsi insan tə­bi­ətinə də ziddir. Beləcə kiçik bir şey ətrafın “mü­da­xi­ləsi” ilə böyüyür, böyüyür, sonda isə açılmaz düyünə çevrilir.

Nəhayət, sonuncusu; baxış tərzi İslami­ çər­çivədə olacaq. Kiçiklər “anam, atam”, bö­yük­lər isə “oğlum, qızım” deyəcəklər. Yeri­ gəl­miş­kən, deyim ki, “gəlinim” müraciəti “qızım” qə­dər doğma, içdən səslənmir. Hət­ta­ deyə bi­lə­rik ki, bəzi bölgələrdə yadlaşdır­ma anlamı da­şıyır. Buna görə də kaş böyüklər gəlinlərinə və kürəkənlərinə insanları doğmalaşdıran, isinişdirən “qızım, oğlum” xitabları ilə müraciət edələr. Sonra da bunu vərdişə çevirələr. Kaş!

Nənə və babalar da tərbiyə məsələsində bir az ata-ananın dü­şün­cəsinə uyğun hərəkət etməyə çalışmalıdırlar. Nə qədər yaxşı niyyətli olsalar da, nəticə olaraq övladlarının tərbiyə metodu­na hörmətlə yanaşmalı və nəvələrinin tərbiyəsinə müdaxilə etmə­mə­li­dirlər. Bəlkə də, müdaxilə etmələrinin səbəbi nəvə sevgisidir. Amma nəvələrin gələcəyi naminə buna dözməlidirlər.

Məncə, ailə problemləri namus sirri kimi qorunub saxlanmalıdır. “İki insanın bildiyi şey sirr deyildir” fikri bu məsələdə bizim davranış fəlsəfəmiz olmalıdır.

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!