Aparıcı rol və ya karların dialoqu

14.12.2015 | 307 dəfə baxılıb.

İnanmaq nə qədər çətin olsa da, bəzi müsəlman ailələrində belə mübahisələr də olurmuş: qadın ucadan, avazı çatdığı qədər ərinin üstünə çığırır: “Ailədə aparıcı rol oynayan qadındır. Atalar deməyib “Yuvanı ana quş tikər”. Hər bacarıqlı kişinin arxasında bir qadın dayanır. Mən olmasam, sən heç nəsən!”

Mənzərəni gözünüzün qarşısında canlandırın. Hələ ardı var. Hə­yat yoldaşından belə sözlər eşidən, belə cəsarət görən kişi heç boş dayanarmı? O da Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) “Qulun qula səcdə etməsini əmr edəsi olsaydım, qadına ərinə səcdə etməyi əmr edərdim!” (Tirmizi, Rada 10) hədisindən tutmuş İslam tarixi boyunca ailədə, cəmiyyətdə, siyasətdə, elmdə, mədəniyyətdə kişinin hakimliyi barədə nə qədər bildiyi örnək varsa, hamısını sadalayır. Həm də səsini qaldıraraq!

Mən başa düşmədim, bunlar nəyin davasını edirlər? Başa dü­şən varsa, irəli çıxsın! Universitet oxumuş, xarici ölkədə təhsilini ma­gist­ratura-doktorantura pilləsində davam etdirən bu insanlara nə de­yə­sən?

Əvvəlcə öz-özümə dedim: “Allah xatirinə, məgər bunlar mövcud anlaşılmazlıqları həll etmək üçün masa arxasında oturub danışılası şeylərdir?” Sonra yanıldığımı anladım, çünki məsələ belə imiş: səhərə qədər mübahisə etdilər, münaqişəyə, yolagetməzliyə gətirib çıxaran heç bir konkret səbəb göstərə bilmədilər. Anlaşıldı ki, biri feminizmin hərarətli tərəfdarıdır, digəri də patriarx ailənin. Ailə qurmağa hazırlaşan bəy və xanımın bürclərinə baxıb “Xoşbəxt olacaqsınız” deyə kahinlik edənlərə buradan bir xəbərdarlıq etmək istəyirəm: siz buna ailə quruluşuna aid fikirləri də əlavə edin. Baxın mücərrəd fəlsəfi müzakirələr bir ailəni haralara qədər aparıb çıxarır? Uçurumun astanasına.

Əslində, məsələnin mahiyyətinə baxsaq, hər iki tərəfin də özünə görə haqlı olduğu nüanslar var. Amma tərəflərin hər biri yalnız öz çərçivəsini haqlı görür, digərinin çərçivəsini, fikirlərini haqsız hesab­ edir. Qarşı tərəfin fikirlərini öyrənmək, dəyərləndirmək yoxdur axı burada. Belə olanda da qarşımızda canlanan mənzərə sözün əsl mə­nasında “karlar dialoqudur!”

Hz. Xədicə Allah Rəsuluna (əleyhissalatu vəssalam) pey­ğəm­bər­likdən əvvəl və xüsusən də, peyğəmbərlik gələndən sonra çox bö­­yük maddi və mənəvi dəstək olmuşdur. Hz. Aişə, Hz. Fatimə də həm­çinin! Doğrudur, hər uğurlu kişinin arxasında evdə, bazar-dü­kanda, xəstəlikdə, sağlamlıqda, yaxşı gündə, pis gündə ərinə və övladlarına dəstək olan bir qadın vardır. Amma bu həqiqət kişinin heç nə olması mənasına gəlmir!

Eyni şəkildə tarix boyunca müşahidə edilən, haradasa “təbii” qə­bul olunan iş bölgüsündə fiziki xüsusiyyətlərinə görə qadın evin xanımı, uşaqların anası funksiyasını yerinə yetirmişdir. Amma bu da bəzən qarşılaşdığımız hallara – qadını evdə həbs etməyə, kişinin quluna, köləsinə çevirməyə haqq vermir.

İndi belə düşüncələrə sahib ər-arvadın şüurunda bir dəyişiklik olmasa, onların yol getməyəcəyini söyləmək o qədər çətin deyil, mən­cə. Çünki bu zehniyyət ailə münasibətlərinin əsasını təşkil edir. Sözügedən dəyişiklik olmasa, bu gün qurulan, kənardan baxanda xoş­bəxt görünən, amma söz-söhbət əskik olmayan bir ailə yuvası gec-tez dağılacaq. Hətta geniş anlamda “camaata nə deyərik” sualına qaneedici cavab tapa bilmədiyinə görə “uzatma dəqiqələrini oynayan” bu evliliyin bu vaxtı də sona çatacaqdır.

Tövsiyəm odur ki, əvvəla, qadın və kişi ilahi iradəyə ram olaraq yaradıldığı cinsiyyəti qəbul etməli, “kaş ki kişi və yaxud qadın olaydım” kimi mənasız təmənnalarla qədərə (taleyə) üsyan etməməlidir. “Bu da haradan çıxdı?” – deyə bilərsiniz. Təcrübələrim əsasında deyə bilərəm ki, yuxarıda verilmiş mübahisə tiplərinin əksəriyyəti bir tərəfin sosial, siyasi, iqtisadi üstünlüyünsdən – əslində, bu da nisbidir – digər tərəfin öz cinsiyyətini qəbul edə bilməməsindən qaynaqlanır. İkincisi, Rəbbimizin bizə verdiyi rolu layiqincə oynamağa çalışmalıyıq. Başqa çıxış yolumuz yoxdur.

Unutmayaq ki, ər-arvad bir-birinin rəqibi, düşməni deyil, əksinə, bir-birinin qüsurlarını örtən bir bütövün iki bərabər hissəsidir. Allah buyurur: “Onlar (qadınlar) sizin, siz də onların (qadınların) libasısınız” (“Bəqərə” surəsi, 2/187) .

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!