Amir ibn Abdullahın namazı

06.05.2017 | 326 dəfə baxılıb.

Tabiun nəslinin abidlərindən biri olan Amir (r.a.) “Ümmətin rahibi” adı ilə ün salmışdı. Hər gün min rükət namaz qılmağı özünə vacib bir vəzifə etmişdi. Gecələri gündüz kimi ayaq üstə namaz qılmaqla keçirər, gündüzlər də oruc tutmaqla istirahət edərdi. Namaz qılmaqdan dabanları çatlasa da, nəfsini susdurmağa çalışardı: “Ey həmişə insanı pisliyə çəkən nəfsi-əmmarə! Sən başqa şey üçün deyil, sırf ibadət üçün yaradılmısan”.
Səfərə çıxanda sıx meşələrə qorxmadan girərdi. Ona: “Qorx­­mursan ki, aslanların hücumuna məruz qalarsan?” – de­yənlərə: “Allahdan başqa bir varlıqdan qorxmaqdan həya edirəm” – cavabını verərdi.
Adı naməlum qalan bir adam onunla birlikdə səfərdə olarkən gördüklərini belə nəql etmişdi: “Xeyli yol qət edib sıx ağaclı bir meşənin kənarında dayandıq. Amir öz əşyalarını bir yerə yığdı. Atını otlamaq üçün sərbəst buraxdı. Sonra meşəyə girdi. Mən də öz-özümə: “Bu gecə göz qoyacam, görüm nə edir” – deyib, onun arxasınca getdim. Meşənin içində dolaşıb bir təpə tapdı, sonra orada namaza durdu. Səhərə yaxın namazı bitirib dua etməyə başladı. Duasında bunları dilə gətirdi: “Allahım! Səndən üç şey istədim. İkisini nəsib etdin, birini yox. Allahım! Üçüncü diləyimi də qəbul et ki, Sənə istədiyim kimi ibadət edə bilim”.
Hava işıqlananda məni gördü və onu izlədiyim üçün çox narahat oldu. Mənə: “Görürəm ki, bütün gecə məni güdmüsən”, – dedi. Sonra səsini qaldıraraq: “İndi gör sənə nə edəcəyəm!” – deyib mənə tərəf gəldi. Mən: “Rəbbindən istədiyin o üç şey nədir, onları de. Əgər deməsən, bu gecə etdiklərini hamıya danışacam” – dedim. “Allahdan qorx, belə eləmə!” – dedi. Ancaq mən təkid edəndən sonra: “Əgər bu sirrimi ölənə kimi heç kimə açmayacaqsansa, deyərəm” – dedi. Mən söz verdim. O da danışdı: “Rəbbimdən ilk olaraq imanıma görə çox qorxduğum qadınlara qarşı şəhvət hissini almasını istədim. Həmd olsun ki, bu duamı qəbul etdi. İkinci duam Allahdan başqa heç kimdən qorxmamaq idi. Həmd olsun bu duamı da qəbul etdi. Artıq Allahdan başqa heç kimdən və heç nədən qorxmuram.
Üçüncüsü, Ona istədiyim kimi gecə-gündüz ibadət edim deyə yuxunu almasını diləmişdim. Ancaq bu duamı qəbul et­mədi”.
Son anlarında ağladığını görənlər səbəbini soruşmuşdular. Nə ölüm qorxusundan, nə də dünya sevgisindəndi kədəri! İsti günlərin susuzluğundan, yəni orucdan və uzun qış gecələrinin qiyamından, yəni namazdan ayrılacağı üçün üzüldüyünü bil­dir­mişdi.
“Namaz aşiqləri” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!