Ailənin əhəmiyyəti

01.02.2016 | 294 dəfə baxılıb.

Ayənin sadəcə mövzumuzla bağlı bəzi nöqtələrini müəyyən etməzdən əvvəl, bir xüsusu israrla vurğulamaq lazımdır. Çünki bu xüsus, bəhs etdiyimiz “döymə” hadisəsini bütün incəliklərinə qədər anlama və dərk etmənin təməlini qoyur. Vurğulanması lazım gəldiyini düşündüyüm mövzu İslam dininin ailəyə verdiyi əhəmiyyətdir. Həm ər-arvad, həm ana-ata-uşaq, lazım gəldikdə isə qohumlar arasındakı münasibətlər üçün verilən əmrlər, qadağalar, bunlarla bağlı olaraq çıxarılan hökmlər, tarixi hadisələr bu önəmə işarə edir. Çünki ailə cəmiyyətin təməl daşıdır. Dolayısilə, təməl daşı sağlam olmayan bir cəmiyyətin əbədi olması və varlığını sağlam şəkildə davam etdirməsi mümkün deyildir.

İkinci əsas məsələ, qadına verilən haqlardır. İslam dini qadına kifayət qədər dini, siyasi, hüquqi, iqtisadi haqq vermişdir. Ancaq təqdir ediləcəyi kimi, haqqın olduğu yerdə və işdə yerinə yetirilməsi vacib olan vəzifələr da vardır. Ona görə də məlum onlarla haqla yanaşı,   qadının çiyninə bir neçə vəzifə də qoyulmuşdur.

Bir başqa cəhət də, evlilik müəssisəsinin müəyyən bir qayda-qanun, nizam və sistem içində idarə olunmasının vacibliyidir. Belə ki, bəhs etdiyimiz haqq və vəzifələr bu mövzunun mühafizə olunduğu bir çevrədə müəyyən olunmuşdur. Buna görə, ailə müəssisəsi sadəcə ər-arvaddan meydana gəlsə də, bir üzvün bu müəssisəni idarə etməsinin vacibliyinin mübahisəsizdir. Quran: “Kişilər qadınları idarə edənlərdir” (Kişilər qadınlar üzərində hakimiyyət sahibidirlər) bəyanı ilə bu idarəçilik, mühafizə, hakimiyyət vəzifəsini kişilərin üzərinə yükləyir. Bu vəzifəni kişilərin üzərinə yükləməyin səbəbi, yaxud səbəbləri bir tərəfə, bu idarəçi və ya “mühafizədən məsul” şəxs ailə müəssisəsinin istiqrar içində davamını təmin etmək üçün tədbirlər görməlidir.

Ayə başlanğıcda, idarəetmədə məsul olan kişilərin daima gözüaçıq olmalarının vacibliyinə işarə edərək: “Əgər qadınların dikbaş olacağından çıkinirsinizsə” buyurur. Deməli, Quran dikbaşlığın ortaya çıxmasından çox əvvəl, buna aid bir sıra şübhələr yarandıqda tədbir görmənin və bəzi qaydaları tətbiq etməyin vacibliyindən bəhs edir. Elə isə, yuxarıda ifadə etdiyimiz kimi, bu, əslində ailə rəisləri olan kişilərə əvvəlcədən edilən bir xəbərdarlıqdır. Kişi sürüsünü qurdlardan qoruyan çoban kimi diqqətli, ayıq və gözüaçıq olmalı və hadisələrə müdaxilə etməlidir. İş işdən keçmədən, xəstəlik öncədən müəyyənləşdirilib tədbirlər  görülməlidir.

Müdaxilə metodları

1. Onlara əvvəla öyüd verin. Burada, öyüd verməyi vaizlərin və böyüklərin etdiyi kimi nəsihət şəklində anlamaq lazım deyil. “Öyüd verin” ifadəsi ilə demək istədiyimiz, ən geniş mənası ilə istər ər-arvad və istərsə, ailə fərdləri arasındakı münasibətlərin sərf-nəzər edildiyi təlim-tərbiyə şəklidir. Yoxsa sadəcə ərin yoldaşını qarşısına qoyub hökmlə və amiranə bir əda ilə etdiyi nəsihətlər deyildir. Əlbəttə, bunların da yeri vardır, amma ər-arvad münasibətlərində problemlərin olduğu bir zamanda, belə davranışların nə qədər zərərli olduğu təxmin edilə bilər. Buna görə də, ayədəki bu ifadəni hər dövrə və dövrün şərtlərinə görə dəyişik mahiyyət qazanacaq ailə tərbiyəsi şəklində anlamaq, Quranın cahanşümul ruhuna daha uyğundur.

2. Tərbiyənin səmərə vermədiyi, faydasız olduğu yerlərdə növbə “(Yola gəlməzsə) onlardan yatağınızı ayırın!” əmrini yerinə yetirməyə gəlir. Ancaq burada əvvəlcə ifadə etməliyəm ki, bu ikinci bənd birincinin səmərə vermədiyi hallara şamil olunur, çünki Quran “Yola gəlməzsə” qeydi ilə bu cəhəti, xüsusilə, vurğulayır. Yataqda təkbaşına qoymaq qadının ərinə qarşı bir əsas kimi istifadə etdiyi və ya istifadə ehtimalı olan cinsəlliyini cəzalandırmaq (imkan verməmək) deməkdir. Belə bir vəziyyətdə, cinsi istəklərini cilovlayaraq iradəli davranan kişilər həyat yoldaşlarının ən böyük silahını əlindən almış olurlar. Beləliklə, nəfslərinə uymayıb, fədakarlıq edərək bu hala qatlanmaqla ailələrini qorumuş olurlar. Çünki bu tədbir nəticəsində bir çox qadının problemlərə səbəb olan fikir və hərəkətlərdən vaz keçməsi müşahidə edilmişdir.

Burada mühüm bir ifadəni xüsusi vurğulamaq istəyirəm: Qadınları yataqda tək qoymaq, yataq dəyişdirib başqa otaqda və evdə yatmaq demək deyildir. Bir mənası “boykot” sayılan bu tədbir, yataq otağından kənara çıxmamalı, hətta bu uşaqlara hiss etdirilməməlidir. Uşaqların bu “boykot”dan xəbəri olmamalıdır. Əks halda, bu tədbir əks təsir göstərərək, qadının şərəf və qürurunu rəncidə edib, problemin daha da böyüməsinə səbəb ola bilər.

3. ”Bununla da yola gəlməzlərsə, onları xəfifcə  döyün”. Əvvəlcə bunu unutmamaq lazımdır ki, “döymək” felinin bizim dünyagörüşümüzdə qazandığı məna ilə, Quranla hərəkət edən insanların zehnindəki anlayış bir-birindən fərqlidir. Çünki o dövrdə qadınların döyülməsi “feli bir hal”dır və Quranın ayəsi də o feli halı bəyan edir. Başqa sözlə, ailə yuvasını qorumaq üçün üçüncü sırada zikr edilən döymək və ona hədd qoymaq hadisəsi, bu günün əksinə, ogünkü qadınlar tərəfindən heyrətlə, Allah və Rəsuluna təşəkkürlə qarşılanan bir hədiyyədir. Ancaq təəssüf ki, bu ayə İslamda qadının ikinci sinif varlıq kimi təqdim edilməsi şəklində şərh olunur. Bu yanlış izahlara səbəb, ayənin nazil olduğu mühitin (Əfəndimiz (s.ə.s.) dövrünün) tam olaraq qavranılmaması və feminizmin müsəlman qadınlar üzərindəki az və ya çox təsiridir. Buna əlavə olaraq, 15 əsrlik İslam tarixində Peyğəmbər Əfəndimizlə (s.ə.s) başlayan qadınlara aid tətbiqatların  yaxşılaşdırması prosesinin tənəzzülə uğraması, müasir dövrdə “qadının evə həbs edilməsi” bu yalnış fikirlərin ortaya çıxmasına çox böyük təsir göstərmişdir. Hz. Ömər (r.a.) və oğlu Abdullaha aid etiraflar bu fikri isbat edən bariz nümunədir. Hz. Ömər deyir ki: ”İslam dinindən əvvəl, biz kişilər qadınları heç qiymətləndirmirdik. Elə ki, İslam dini gəldi, Quran onlardan bəhs etdi. Anladıq ki, onların da bizim üzərimizdə haqları varmış”. İbni Ömərin bəyanı isə bu  məsələdə tənəzzülü ortaya qoyur:

“Biz Allah Rəsulunun (s.ə.s) zamanında, barəmizdə vəhy enəcəyindən qorxduğumuz üçün qadınlarla söhbət etməkdən, onların haqqını çeynəməkdən və onlara qarşı sərt davranmaqdan qorxurduq. Ancaq Hz.Məhəmməd (s.ə.s) vəfat edincə, biz də onlara qarşı çox şeylər söylədik və onlara qarşı qüsurumuz artdı”.

Ümumiyyətlə, İslam alimlərinin fikirləri: “Döyün” feli bundan əvvəlki maddədə də ifadə etdiyimiz kimi “feli bir hala”; qadınlara verilən hüquqlar aspektindən baxanda tədricən tərbiyə prosesinin bir tərəfinə işarə edir” şəklindədir. Başqa sözlə, bir cəmiyyətin damarlarına kimi işləmiş adətlərin dəyişdirilməsində istifadə olunan “tədricilik” metodunun bir hissəsidir.

Ayəni belə anlaşılmasına sövq edən başqa bir səbəb də, Peyğəmbər Əfəndimizin (s.ə.s) söz və tətbiqatlarıdır. “Sizin ən xeyirliniz, həyat yoldaşına qarşı ən yaxşı rəftar edəninizdir”(6.İbn Macə, Nikah,50), “Mən aranızda həyat yoldaşına qarşı ən yaxşı davrananam” şəklindəki sözləri və ömrü boyu həyat yoldaşlarının heç birinə bircə dəfə də olsun, əl qaldırmaması bunu göstərir. Allah Rəsulunun (s.ə.s.) xanımlarına qarşı ən sərt davranışı, insani hisslərinə məğlub olub nəfəqə istəyən qadınlarını  özü ilə  dünya malı arasında seçim etməyə dəvəti etməsidir. Allah Rəsuluna  (s.ə.s)  xanım olmaq statusuna və şərəfinə nail olmuş, sadəcə yaşadığı dövrə deyil, qiyamətə qədər bütün möminlərə, hətta insanlığa nümunə və rəhbər olacaq bu insanların bəhs edilən davranışı peyğəmbər muradına uyğun olmadığı üçün Peyğəmbər Əfəndimiz (s.ə.s)  xanımlarından ayrı bir yerə çəkilmiş və heç kim ilə görüşməyəcəyinə söz vermişdi. Cahiliyyə dövründə ”ila” adlandırılan proses, bu münasibətlə hüquqi nizamlama də mövzu olmuşdur. İşin İslami mərhələsi bir tərəfə, Peyğəmbər Əfəndimiz (s.ə.s) bu prosesdə Hz. Əbu Bəkir və Hz. Ömər də daxil olmaqla, hər kəsin görüş təklifini əvvəlcə rədd etmiş, müəyyən bir müddətdən sonra isə qəbul etmişdir. O evin qayınataları olan bu iki mübarək dost “ila”nın cahiliyyədəki mənası ilə əlaqədar qızlarının boşanacağından əndişə edib  Allah Rəsulunu (s.ə.s) qərarından döndərməyə çalışmışdı. Nəhayət, çox keçmədən nazil olan  İlahi vəhy problemi həll etmiş və Allah:” Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbər Əfəndimizin (s.ə.s.) xanımları dünya nemətlərindən vaz keçib axirət yurdunu daha üstün tutdular) (Əhzab, 33/28-29) vəhyi ilə  qərar verməyi analarımıza həvalə etmişdir.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!