Ailə sirri

06.07.2016 | 579 dəfə baxılıb.

“Sənə neçə dəfə dedim, iki insanın bildiyi məsələ sirr sayılmır. Bu, neçənci dəfədir, mən camaat arasında rəzil-rüsvay oluram! Nə üçün, nə üçün axı aramızda qalmalı olan sirləri başqalarına danışırsan? Bunlar ailə sirridir. Allah xatirinə, müqəddəs bildiyin başqa şeylər xatirinə, bu, axırıncı dəfə olsun, əgər bir daha olsa, bu ailənin dağılacağını indidən sənə söyləyirəm”.

Bu, arvadını danlayan kişinin xəbərdarlığı və ya ultimatumudur. Yaxşı, baxaq, görək qadın nə deyir: “Mənim danışdığım şeylər qadınların ərləri haqda danışdıqları adi şeylərdir. Onun böyütdüyü qədər deyil. Mən başqalarının nə danışdığını ona demirəm, əgər desəm, heyrətə düşər. Aramızda üz qızardan məhrəm şeylərini danışanlar var”.

Məncə, ortada ciddi bir problem var. Problemin bir ucu yuxarıda bəhs etdiyim ər-arvada, digər ucu isə ictimai həyatda bizi əhatə edən və son nəticədə ictimai hüzura, əxlaq anlayışımıza, mədəni dəyərlərimizə zərər verən, müalicəsi olduqca çətin olan “xəstəliy”ə qədər uzanır.

Əvvəlcə ər-arvadla bağlı danışaq. İlk növbədə “ailə sirri”nə dövlət sirri kimi konkret tərif verilməli, onun məna çərçivəsi, hüdudları və miqyası müəyyənləşdirilməlidir. Bu anlayışın mahiyyəti ailələrdən, bölgədən, adət-ənənədən asılı olaraq dəyişə bilər. Qohumluq əlaqələri, onun səmimiyyət dərəcəsi də bu anlayışın məzmununa təsir edir. Elə isə hər şeydən əvvəl bu cür mübahisələri doğuran şəraiti dəyişmək lazımdır. Yəni ər-arvad üz-üzə oturub “ailə sirri” anlayışının çərçivəsini müəyyən etməlidir. Bunu müəyyənləşdirərkən ümid edirəm ki, ortaq məxrəcə gələrlər.  Amma gələ bilməsələr, daha ehtiyatlı düşünən tərəfin fikrini  əsas götürməlidirlər. Çünki bu məsələdə ehtiyatlı davransalar, heç nə itirməzlər.

Deyək ki, tərəflər arasında əvvəlcədən belə bir razılaşma yoxdur. Ailə başçısı ilk dəfə belə problemlə qarşılaşdıqda məsələni məntiqli və düzgün şəkildə həll etməyə çalışmalıdır. Bəli, onların dialoqundan da göründüyü kimi, bu, dəfələrlə olmuş hadisədir. Kişi arvadını dəfələrlə tənbeh edib, ancaq ailə sirri məsələsində qarşılıqlı razılaşma olmadığı üçün problem hələ də davam edir. Çünki kişiyə görə ailə sirri olan məsələlər qadın görə belə deyil. Əslində, əsas həll edilməli məsələ məhz budur. Yoxsa “bir daha təkrarlansa, boşayacağam” demək boş, mənasız, sabah peşmançılıq gətirən quru təhdidlərdir.

Ailəyə rəhbərlik məsuliyyətli işdir. Bu rəhbərlikdə hislər deyil, ağıl, məntiq və mühakimə hakim olmalıdır. Onda səbirsizliyə yer yoxdur. Soyuqqanlı olmaq, hərtərəfli, uzaqgörən düşünmək şərtdir. Bu cür qarışıq şəraitdə baş verən mübahisələrə görə ailə həyatının gələcəyini və istiqamətini müəyyən edən qərarlar vermək, təhdidlər etmək ailə səadətinə əhəmiyyət verməmək deməkdir.

Bununla yanaşı, ailə başçısının ailə fəlsəfəsi yalnız reaksiyalar­dan ibarət olmamalıdır. Bu, o demək deyil ki, heç nəyə reaksiya ver­məməlidir. Əlbəttə, yeri gələndə ər və arvad bir-birinə reaksiya ve­rə­cəklər, müəyyən məsələ ilə bağlı münasibət bildirəcəklər. Amma ailə səadətinin təməlinə dinamit qoymaq şəklində deyil. Reaksiya bir xətaya (onun xəta olub-olmaması da şəxslərdən asılı olaraq dəyişir) qarşı ortaya qoyulan hissi və əməli davranışdır. Əgər bu reaksiya yerinə düşmürsə və həyat yoldaşında müəyyən düşüncə və davranış dəyişikliyi əmələ gətirmirsə, deməli, onu inandıra bilməmişdir. Belə vəziyyətdə hər iki tərəf özünü haqlı hesab edəcək, öz bildiyini edəcək, göstərilən reaksiyalar da problemin təkrarından başqa bir işə yaramayacaq. Nəticə: qalibi və məğlubu bəlli olmayan, olmayacaq bu mübarizədən hər iki tərəf də zərərlə çıxacaqdır.

Qadınların öz aralarında ailə həyatına aid bəzi şeyləri danışmasına gəlincə; hədis ədəbiyyatında “Ümmü Zərr” adı ilə məşhur olan bir hədisdə Hz. Aişə anamız Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) on bir qadının oturub həyat yoldaşları haqqında danışmasından bəhs edir. Bu qadınlardan yalnız biri ərinin, yəni Əbu Zərrin yaxşılıqlarını dilə gətirir. Əbu Zərr sonralar bu qadını boşamış, o da ona Əbu Zərdən daha çox lütf və ehsan edən başqa adamla ailə qurmuşdur. Amma Ümmü Zərr ilk həyat yoldaşını heç cür unuda bilmir və sözlərini belə yekunlaşdırır: “Buna baxmayaraq, mən bu ikinci həyat yoldaşımın mənə verdiklərinin hamısını bir yerə yığsam, Əbu Zərin ən kiçik qabını belə doldurmaz”. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Hz. Aişə anamıza: “Mənim sənə münasibətim Əbu Zərrin Ümmü Zərrə münasibəti kimidir. Bu fərqlə ki Əbu Zərr Ümmü Zərri boşayıb, mən isə səni boşamamışam. Biz bərabər yaşayacağıq,” – deyərək könlünü alır.  (Buhari, “Nikah” 82, Müslim, “Fedailüs-Sehabe)

Bu hədis mənə qadınların öz həyat yoldaşları haqqında (müsbət və ya mənfi) etdiyi söhbətlər, bəlkə, bəşəriyyət tarixi qədər qədim olduğunu öyrətdi. Bunun üçün “danışmaq olmaz” deməkdənsə, “heç olmasa, Ümmü Zərr kimi həyat yoldaşlarınızın həmişə müsbət tərəflərini danışın” demək daha yaxşı tövsiyədir.

Yanlışı müdafiə etmək də yanlışdır. Ailə daxilində qalmalı olan məsələlər ailədən kənara çıxmamalıdır. Bir məkana doğru səfərdəyik – orada dilimizdən çıxan hər kəlməyə, etdiyimiz hər əmələ və ağıla gələn hər mənfi və müsbət düşüncəyə görə hesab verəcəyik. Bu həqiqəti qavramaq lazımdır. Ancaq unutmayaq ki, ora bir dayanacaqdır. Ondan bir addım sonra səfərin sona çatdığı yer gəlir: Cənnət və ya Cəhənnəm.

Həyat Dərsləri kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!