Ailənizin xoşbəxt bir yuva olması üçün

21.06.2013 | 791 dəfə baxılıb.

zaman-qezeti-logo

Yeganə Məmmədova,

“Zaman”

Sümeyra Irmakın “Xəzər” nəşriyyatı tərəfindən çap edilmiş “Xoşbəxt bir yuva üçün” kitabında toplanmış yazıların, demək olar ki, hamısını hələ qəzet səhifəsində oxumuşam. Sümeyra xanımın hər yazısı bir oxucu kimi mənim üçün çox dəyərlidir. Etiraf edim ki, 15 illik jurnalistika həyatım boyunca imzasını səbirsizliklə gözlədiyim çox az yazar var ki, onlardan biri də elə Sümeyra Irmakdır. Bu xanım bütün yazıları ilə milli-mənəvi dəyərlərimizin xidmətindədir. Bu gün gəncliyimizin itirməkdə olduğu mənəvi sərvətlərimizi Sümeyra xanım gündəmə gətirir və hər unudulan bir adətlə mənəvi zənginliklərimizin bir az da soluxşadığını söyləyir. Kitabda toplanmış məqalələrin, demək olar ki, hamısı ailə-məişət münasibətlərindən bəhs edir. Xoşbəxt bir ailənin ilkin şərtləri, uşaq tərbiyəsi, kasıb da olsa bir süfrəyə düzülən sevgi və xeyir-bərəkət nemətləri, həyatı gözəlləşdirən amillər, ailə üzvlərinin qarşılıqlı fədakarlığı, sevgisi, dualarla zənginləşən könüllər… Bütün bu saydıqlarımız Sümeyra xanımın yazılarında ən gözəl və parlaq boyalarla əks olunur. O, bizim görüb fərqinə varmadıqlarımızı bizə göstərir, adi deyib üstündən keçdiyimiz ən kiçik məsələlərdə belə, yeni dünyalar açır, yeni mənalar göstərir bizlərə. Çünki Sümeyra xanım bütün yazılarını da, duyğularını da ən gözəl və ən doğru qaynaqdan alır. Sümeyra xanım o mənbələrə əsaslanır ki, onların sarsılması mümkün belə deyil. Dövran dəyişər, dəb dəyişər, insanların geyim-kecimi dəyişər, danışıq tərzi, müraciət formaları dəyişər, amma bizim həyatımızın onurğasını təşkil edən dəyərlərimiz dəyişməzdir, əbədidir. Sümeyra xanım da məhz həmin dəyişməz, əvəzolunmaz dəyərləri öz kitabında ən gözəl şəkildə oxuculara çatdırıb. Bu dediklərimi isbat eləmək üçün əlimdə tutduğum kitabdan onlarla örnək gətirə bilərəm. Amma elə bilirəm ki, dəyərli oxucularımızın bu kitabı əvvəldən axıradək oxuyaraq müəyyən nəticəyə gəlmələri daha doğru olar. Sümeyra xanımın “Xoşbəxt bir yuva üçün” kitabı daha çox yeniyetmə qızlarımızın, gənc analarımızın istifadəsi üçün nəzərdə tutulub. İnanırsan ki, bu kitabdan öyrəndiklərini həyatına tətbiq edən hər bir kəs özü üçün o xoşbəxt yuvanı qura bilər. Təbii ki, hər şey bizim çalışmağımızla başa gəlmir. Nəhayətdə, qisməti verən Allahdır. Amma insan bir şeyə nail olmaq istəyirsə, boynuna düşən vəzifələri, lazım olan şərtləri yerinə yetirməlidir. Sümeyra xanımın bu kitabındakı yazılar da insanın xoşbəxt olması üçün yerinə yetirilməli olan vəzifələrin bir resepti kimi ardıcıllıqla düzülmüşdür. Müəllifi bu maraqlı və gözəl kitab üçün təbrik edir və oxucuların ondan faydalanmasını arzulayırıq.

Tarix :8 Noyabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!