Ailədə cəza və ədalət

22.07.2013 | 1.582 dəfə baxılıb.

İstər ər-arvad, istərsə də valideyn-övlad münasibətlərində cəzalandırma və bu cəzalandırmada ədalət prinsipi ailə həyatımız üçün mühüm əhəmiyyət kəsb edir. Bəzilərinin ağlına: “Uşaqların cəzalandırılmasını başa düşdük, amma ər və arvadın cəzalandırılması nə deməkdir?” kimi sual gələ bilər. “Ər və arvadın cəzalandırılması” ifadəsindəki məqsəd, istər bu cütlüyün bir-birinə qarşı bir ucu cinayətlərə qədər uzanan zorakı hərəkətləri, istərsə küsmək, incimək, evi tərk etmək kimi daha yüngül münasibət şəkilləridir. Çünki bu cür hərəkətlər, adı qoyulmasa da, ər-arvad cütlüyünün bir-birini cəzalandırmaq niyyəti ilə ortaya qoyduğu davranışlardır.

Məni bu haqda yazmağa vadar edən şey əvvəllər rastlaşdığım hadisə oldu.

18 ildir evli olan, dörd uşaq atası və uşaqları ilə birlikdə indiyə kimi xoşbəxt ömür sürən Turan bəy birdən-birə nə olmuş, nə fikirləşmişsə, yoldaşı ilə bir həftə idi ki, danışmırdı. Yoldaşının xətrinə nə vaxt, hansı hərəkətlə dəydini xatırlaya bilməyən Səma xanım psixoloji bir sıxıntı çəkməyə başlamışdı. Övladlarının: “Ana, atamız səninlə niyə danışmır? İncimisən ondan?” kimi suallarından bezən Səma xanım həyat yoldaşı ilə danışmaq səyləri də boşa çıxınca, dərdini rəfiqəsinə açır.

Bir rəfiqəsinin vasitəsi ilə hadisədən xəbərdar oldum və onların xahişi ilə Turan bəylə görüşdüm. Həyat yoldaşı ilə davranışının səbəbini izah edə bilməyəcəyini dedi. Bunu həyat yoldaşının bir hərəkətinə görə edirmiş və onu bu şəkildə cəzalandırırmış. Turan bəylə olan söhbətimizdə (zənnimcə, buna təktərəfli bir söhbət demək daha uyğun olar) diqqətimi çəkən bəzi məqamları  onunla bölüşdüm. Bunları maddələr halında sizə də çatdırmağa çalışacağam:

1. Sizin səhv saydığınız şey, həqiqətən, səhvdir? Obyektiv kriteriyalara əsaslanıb qərar verdiniz? Qənaətinizə hislərinizin qarışmadığına əminsiniz? Ola bilər ki, siz bir anlıq qəzəbinizə görə onu günahlandırırsınız.

2. Sizin bu təktərəfli yanaşma tərziniz və cəza üsullarınız heç bir əqli və təcrübi kriteriyaya uyğun gəlmir. Çünki bu hadisədə siz həm şikayətçi, həm müttəhim, həm hakim, həm də ittihamçısınız. Mənə demədiyiniz səbəb nədirsə, onu müttəhim olaraq hakimə aparır, ittihamçı kimi günahlandırır, şikayətçi olaraq həyat yoldaşınızın və ya vəkilinizin müdafiəsini edir və hakim kimi də hökm verirsiniz. Bu prosesin ən “maraqlı” tərəfi odur ki, siz bütün bunları təkbaşına və öz zehin və ya xəyal dünyanızda edirsiniz! Bununla birgə, cəzanı real həyatda verirsiniz və müttəhimin bütün bunlardan xəbəri yoxdur, o yalnız cəzanı görür. Sizə elə gəlmir ki, burada nə isə bir qəribəlik var? Bir də təsəvvür edin ki, məhkəmələr də bu “prinsip”lə işləyir, bu halda cəmiyyətdə qayda-qanun dan əsər-əlamət qalar? Belə anlayışın üstünlük təşkil etdiyi bir cəmiyyətdə xaos və anarxiyadan daha pis bir rejim tapmaq mümkündürmü?

3. Deyək ki, ortada, həqiqətən də, cəzaya layiq bir cinayət var. Cəza deyiləndə ağıla gələn ilk şey ədalətdir. Cəza ədaləti təmin etmək üçün verilir. Cəzanın əsas məqsədi qisas və intiqam almaq deyildir. Buna görə də cinayət ilə cəza arasında tarazlığı qorumaq əsasdır. Çünki tarazlıq təmin olunmayan yerdə ədalətsizlik vardır. Ədalətsizlik isə, mövcud cinayət və ya cinayətlərin qarşısını almaq bir kənara, yeni cinayətlərin meydana gəlməsinə  səbəb  olur.

Buna görə də, görəsən, dörd övladınızın anasını, 18 illik həyat yoldaşınızı sorğu-sualsız, müzakirəsiz cəzalandırmağınız nə dərəcədə doğrudur? Onun səhvi ilə – təbii ki buna səhv demək mümkünsə! – bu cəza arasında necə əlaqə var? Bu suallara dəqiq cavabınız yoxdursa, ədalət adı altında ədalətsizlik edir və ailə həyatınızda yeni yaraların açılmasına bais olursunuz.

4. Əgər bir məsələmiz rəsmi məhkəmələrə qədər gedib çatmayıbsa, dini və milli dəyərlər, adət və ənənələr bu problemin həllində əsas rolu oynayacaqdır. Elə isə siz bu cəza qərarınızı dini və milli dəyərlərimizlə, adət və ənənələrimizlə əsaslandıra bilərsinizmi?

5. Yoldaşınızın psixoloji vəziyyəti də əsas mövzulardan biridir. Başa düşdüyüm qədər ilə yoldaşınızın səhvi boşanmaya səbəb olacaq qədər ağır bir cinayət deyildir. Gələcəkdə, yəni cəza müddəti bitdikdən sonra, siz normal həyata qayıdacaqsınız. Görəsən, o vaxt  həyat yoldaşınız sizin gözünüzdə əvvəlki kimi olacaqmı? Həyat yoldaşınız bütün bunlara dözüb bu müddət ərzində ruhi-mənəvi sağlamlığını qoruya biləcəkmi? Sabah heç bir şey olmamış və bunlar baş verməmiş kimi sizə yenə də isti münasibət göstərə biləcəkmi?

Daha artıq uzatmaq istəmədim. Çıxmaq üçün icazə istəyəndə Turan bəyin gözləri yerə dikilmişdi. Çox fikirli idi. Ümid edirəm ki, yanlış yoldan vaxtında dönəcək

 “Boşanmaq üçünmü evlənirik?” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!