Ad günü

22.07.2013 | 8.572 dəfə baxılıb.

Anası kiçik qızına: “Qızım, qarşıdan gələn çərşənbə axşamı atanın doğum günüdür,” − deyir. Anasının nə demək istədiyini anlayan qız atasının yanına gəlib: “Atacan, mənə qırmızı bant, bənövşəyi kitab üzü, bir qutu, bir də yapışqan alarsanmı?” Ata əvvəlcə heç nə başa düşmür. Ana arxasınca göz hərəkəti ilə işarə edir. Qadınlar həm vücud dilindən yaxşı istifadə edir, həm də onu yaxşı oxuyurlar. “Yaxşı qızım,” − deyir atası. Axşam evə gələrkən qızının sifarişlərini almağı da unutmur.

Sizin bir neçə işiniz ola bilər, ancaq bilməlisiniz ki, o gün qızınız üçün ən önəmli olan şey onun verdiyi sifarişlərdir. Öz vacib məsələlərinizin və qızınızın əhəmiyyət verdiyi şeylərin mənasını düşünməlisiniz. Əgər belə etməz və qulaq ardına vurarsınızsa, uşaqlarınız onlara əhəmiyyət verilmədiyini fikirləşərlər.

Uşaqlarınıza əhəmiyyət verin, onlara dəyər verin, diqqət göstərin. Siz özünüzə diqqət göstərir, özünüzə əhəmiyyət verir və özünüzə dəyər verirsinizsə, bunu ətrafınızdakılara, onsuz da, hiss etdirəcəksiniz.

Qızın atası doğru olanı etdi. Qızı üçün əhəmiyyətli olan sifarişləri yerinə yetirdi. Qızımız o gün verdiyi sifarişlər üçün planlar qurdu, xəyallar canlandırdı zehnində. Əgər axşam ata bu sifarişləri gətirməsəydi, qız çox kədərlənəcək və xəyalı puça çıxacaqdı. Üstəlik ata: “Yaxşı, qızım, gətirəcəyəm,” – dediyi üçün artıq onun başqa yolu qalmır. “Axşam sifarişlərin gələcək,” – deyir.

Qız həyəcanla atasının gətirdiyi əşyaları götürür və sonra verdiyi sözə əməl edən atasının yanağından öpür. O, bu davranışları sizdən öyrənməyib, fitrətində var. Ancaq zaman keçdikcə biz fərqinə varmadan bunları korlayırıq. Jestlərinin fərqinə varmayan, reaksiya verməyən, adi bir şey imiş kimi qəbul edən, ailələr bu səhvləri ilə duyğusuz, həyəcansız, estetikadan məhrum uşaqlar yetişdirir. Onların zəriflik nümunəsi biz olduğuna görə, etdikləri və edəcəkləri səhvlərə görə əvvəl özümüzü tənqid etməli, sonra zaman itirmədən səhvimizi aradan qaldırmaq üçün fürsət gözləməliyik.

Uşaqlar üçün, dostlar üçün, işçilər üçün ən çox fədakarlıq edən millət olsaq da, “Əmisi, bu çox tənbəldir, heç sözə qulaq asmır!” kimi sözlərlə şikayət edən və təlaşlanan da bizlərik. Məktəb çıxışında uşağımızı, iş çıxışında dostumuzu, iclas əsnasında işçimizi gözlədiriksə, bilin və bilməlisiniz ki, ürəklərinə sizə olduqca ağır təhqirlər yağdırırlar. Təhqirlə qurtarsanız, yaxşıdır, bir təhər qəbul edərsiniz, qurtarıb gedər, həzm edərsiniz, qıvraq zəkanız bunu həll edər. Amma buradan etibarən sizi “adi insan” kimi görəcəklər.

Nəticəsi? Onun üçün sizin elə də bir əhəmiyyətiniz olmur.

Tamər bəy çox mərhəmətsiz davranırsınız. Bunda nə var axı? Məsələ də elə buradadır. “Bunda nə var ki?” dediyiniz o qədər çox şey var ki:

Televizorun səsini artırırsınız, xəbərdarlıq edilir, amma siz yenə də təkrar edirsiniz.

− Ağzınızı şappıldadırsınız, uşağınız sizdən diksinir, amma heç nə deyə bilmir. Gülmə tərzinizi sevmir, amma demir.

− Otağının qapısını vurmadan girirsiniz, narahat olur, amma söyləyə bilmir.

− Xoşuna gəlməyən paltarları alır, istədiyiniz şəkildə geyindirirsiniz, amma deyə bilmir.

− Onu digər uşaqlarla müqayisə edirsiniz, buna nifrət edir, amma səsini çıxara bilmir.

− Onu ittiham edir və ona güvənmirsiniz, bundan narahat olur, amma dilə gətirə bilmir.

− Həmişə dərslərini soruşur, heç özünün necə olduğunu soruşmursunuz, çox inciyir, amma bunu da deyə bilmir.

− İstəmədiyi yerlərə zorla aparırsınız, getmək istəmir, amma “qulaq” asmırsınız.

− İctimai fəaliyyətlərində yanında olub dəstək vermirsiniz, boynu bükük qalır və çox kədərlənir.

− Müəllimləri, rəhbərləri ilə dialoq qurmursunuz, özünü tək, arxasız hiss edir.

− Özünüzü nəzərdən keçirsəniz, bunlara əlavə etməyə bir çox nümunələr tapa bilərsiniz.

Atamdan bir “dərs” götürmüşəm. Bunu mənə demədi, sadəcə tətbiq etdi. Çox təsirləndim. Mənə demədi, amma mən etməyə çalışıram. Mənim yanımda ayaqyoluna girdiyini elə də xatırlamıram. Bilmirəm, gecə qalxırdı, bizim başımız qarışıq ikən gedirdi, yoxsa biz yuxudan qalxmadan dururdu, amma necə isə bir yolla ayaqyolu ehtiyacını görürdü, biz isə bunu görməzdik. Bu mövzuya diqqət yetirməsi, mənim gözümdə, ruhumun dərinliyində ayrı bir dəyər qazanmasına səbəb olmuşdur.

Təbii ehtiyacdır, əslində və buna görə də heç kim heç kimi qınaya bilməz. Azadlıq, sərbəstlik prinsipi ilə tənqid etməyə çalışanlar ola bilər. Ancaq mən mənə qarşı göstərilən həssaslığı daddım, ruhun estetikasını gördüm, incə düşünməyin nə demək olduğunu kəşf etdim. Bizim cəmiyyətimizin ən gözəl dinamizmləri bunlardır, yəni bu davranışlardır. Bunlar bizə ənənələrimizdən süzülür.

Bir gün müəllimim Kocabıyık belə bir sual verdi: “Əl öpmək adəti ilə bağlı nə fikirləşirsən?” O vaxtlar Avropada nəşr olunan “fərdi inkişaf kitabları seriyası”nı tədqiq edirdim. Soruşulan məsələ haqqında: “Fikir azadlığını məhdudlaşdırır,” – demişdim. Əl öpmək ədəbin bir parçasıdır. Həyatımızdakı qaydalar və adətlər mənə saray əxlaqını andırır. Saray əxlaqını isə çağdaş qəlibinə əks anlayış kimi götürdüyüm üçün bu dəyərlərin lüzumuna çox inanıram. Qaydalar, adətlər və naxışlar, insan ruhunun incəliyini göstərir. Bədəvinin, kobud insanlar, eqoist insanlar, ailə tərbiyəsi almamış insanlar təbii olaraq qaydalardan, ədəb-ərkandan heç nə anlamır.

Cib telefonu yanlarında ola-ola zənglərə cavab verməyənlər bu ədəb qaydasını hələ də həzm edə bilməmişlər. Bunu anlamaq üçün kahin olmağa ehtiyac da yoxdur.

Bizim cəmiyyətimizdə kənddə doğulub böyüyənə “kəndli” de­yilir. Osmanlı dərvişləri və məmurları ilə kəndlərdə yaşayan insanlara yaxşı öyrətmişdi ədəbi, nəzakəti; kəndin hər kişisi bəy kimi mərifətli, nəzakətli, hər qadını xanım kimi həyalı, kübar idi. Bir sözlə kəndlilər şəhərlilərdən seçilmirdi. Bu, böyük müvəffəqiyyətdir. Ancaq bu gün onlara haqsızlıq edirlər: şəhərdə mədəniyyətsiz, kobud, qayda-qanun tanımayan, nəzakətdən xəbərsiz insanlara “kəndli” deyirlər. Məncə, bu münasibət böyük səhvdir. Belə insanlara ancaq “səfil” demək olar.

Bizim kəndlimiz siz süfrədən qalxmadan qalxmaz, sizi evin ən yaxşı yerinə yerləşdirən, ən təmiz çarpayısını salar, paltarlarınızı yumağı təklif edər, qabağınıza ləziz yeməklər qoyar. Sizinlə ehtiramla, nəzakətlə danışan, yolda sizdən qabağa keçməyən, sizi axıra qədər ötürən, heybənizə pay qoyan, sizi evinin baş tərəfində oturdan, kəndində ibadətxana, çeşmə tikdirən, heyvanlarını başqalarının sahəsinə salmayan, mer-meyvəni qonum-qonşu ilə bölüşən, küçələrini təmiz saxlayan insanları sizcə necə adlandırmaq olar? Məncə: “Mədəni, kübar, nəzakətli və alicənab insan!”

Böyüklərə ən çox hörmət edilən yerlər kəndlər idi. Buralarda böyüklər uşaqlara vermək üçün ciblərində konfet gəzdirərdilər. Uşaqlara bayram xərcliyini dəsmalın içinə qoyub verərdilər.

Bütün bunları bizim “kəndli” dediyimiz bu insanlarımız Parisdə etsəydilər, hər halda parislilərdən daha çox təqlid edilərdilər. Paris bunun iyirmidə birini edir və Fransa “ən mədəni insanların ölkəsi” ünvanı ilə yad edilir.

Bizim problemimiz öz xalqımızı layiqincə tanıya bilməməyimizdir. Keçmişdə Avropa kəndlisi bizim kəndlimiz kimi deyildi. Avropalı kəndli “barbar, vəhşi, yardım etməyi sevməyən, eqoist, yuyunmayan adam” demək idi.

Ölçüb-biçmədiyimiz paltar əynimizə gəlmədi. Yenisinə ehtiyacımız var.

Gördünüzmü, uşağınızın sifarişini yerinə yetirmək üçün nələrə əl atdınız?

 Kiçik qızcığaz qutunu, lenti və kitab üzünü götürüb nəsə hazırlayırdı. Atası da: “Görəsən, nə edir?” – deyə maraqla qızını süzür. Qızı kitabın üzünü lentlə möhkəm sarıyıb bağlayırdı. O gün onun – ailə başçısının ad günü idi. Evə erkən gəldi, onu qapıda  ömür-gün yoldaşı “Təşəkkür”lə, minnətdarlıqla qarşıladı.

Qızımızın atası gördüyünüz kimi olduqca həssasdır. Qızının istəyinə əhəmiyyət vermiş, sözünü yerinə yetirmişdi, proqram günü olsa da, işlər başdan aşsa da, hər şeyi yoluna qoyub evə tez gələ bilmişdi. Bilirdi ki, balaca qızının yatmaq vaxtı var. Gözlənilən an gəlib çatır və ailəliklə süfrə başına keçirlər. Qızın səbri tükənir. Ancaq anası işarə ilə: “Bir az gözlə,” – deyir. Qızı da: “Yaxşı”. Ata bu sürprizlərdən böyük zövq alır. Əvvəlcə ana öz əlləri ilə hazırladığı kiçik dəsmalı yoldaşına təqdim edir; üstünə adlarının baş hərflərini işləmişdi. Həyat yoldaşına Allahdan sağlam, xoşbəxt həyat arzulayır, “Əbədi aləmdə də birlikdə olmağı” diləyir. Həqiqətən də, gözəl düşüncədir.

Biz bəzən bahalı hədiyyələr almağa çalışır, ala bilməyəndə də xəcalət çəkirik. Hədiyyə sevgini, hörməti ifadə etməkdir. Qəlbdə-ki sayğının, ehtiramın bir əşya ilə qarşı tərəfə bildirilməsidir. Mühüm olan əşyanın nə, necə, hansı qiymətdə olması deyil, insanlara verilən dəyərdir. Səmimi şəkildə verdiyimiz hədiyyələr duyğularımızın güzgüsüdür. Bu, bir çiçək, bir üzük, bir dəsmal, bir qalstuk və ya açıqça ola bilər. Hədiyyənin növü əhəmiyyətli deyil əslində. Bəlkə də, bahalı hədiyyələr almağımızın səbəbi kapitalist dünyagörüşünə əsaslanan moda anlayışıdır.

Növbə kiçik qıza çatır və hədiyyəsini atasına təqdim edərkən yerində qərar tuta bilmir, “aç atacan!” deyir həyəcanla. Ata: “Mənim ağıllı qızım görək nə alıb? Nə gözəl bükmüsən…” deyib hədiyyəni açır, ancaq qutunun içində heç nə görmür.  Hiss etdirməsə də, aldadıldığını düşünür. “Mən də elə bildim, içində nəsə var” deyib qutunu bir kənara atır. Özünü saxlaya bilmir, qeyri-ixtiyari olaraq: “Bunun üçünmü aldırdın bunları?…”

Qəlbi qırılmış qızcığaz: “Amma mən onun içinə sənə sevgimi üfürmüşdüm…” – deyir.

Ey Allahım!

Ata səhvini anlayır, ancaq iş-işdən keçmişdi. Qızına qarşı çox nəzakətli və həssas olan ata onun “sevgi”sini görə bilməmişdi. Bundan sonra daha diqqətli davranacaq, qızı ilə gözəl münasibət qurmağa çalışacaqdı. Bu hadisə ona yaxşı bir dərs oldu.

Amma bu qızımız böyüyür və atasının ad günündə təqdim etdiyi sevgisini artıq heç bir qutuya üfürmür. Nəzakət əlaməti olaraq, atasına hədiyyə alır, amma ogünkü kimi həvəslə hazırlıq görmür. Görəsən, bu hadisəyə bənzər davranışlarımızla, sözlərimizlə fərqinə varmadan nə qədər həyəcanların, səylərin və sürprizlərin qarşısını almışıq?

Sizcə?

Düşünün!…

Həyatda nə qədər sınamadığımız şeylər var…

“Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!