Acıq eləmək

26.04.2016 | 458 dəfə baxılıb.

 

Bu hallara daha çox təzə qurulmuş ailələrdə rast gəlinir. Bu və ya digər səbəblərdən acı eləyib  ata evinə gedən qadın müəyyən müd­­dətdən sonra araya vasitəçilərin girməsi ilə yenidən ər evinə qayıdır. Bu hala ər və arvadın bir-biri ilə dolanmağından asılı olaraq tez-tez və ya nadir hallarda rast gəlmək olur. Məsələyə müxtəlif perspektivlərdən baxanda onun ciddi olduğunu görürük.

Hər şeydən əvvəl qarşılıqlı istək və iradə ilə qurulmuş ailələrdə bu hadisənin baş verdiyini fərz edək və bunun ətrafında bir suala cavab axtaraq: illərlə ailə xəyalı quran, gəlin olmaq arzusu ilə yaşayan, “20 yaşında ərə gedəcəyəm, 25 yaşında ana olacağam” kimi planlar “cı­zan”, nişanlılıq dövründə birgə gəzintilərə çıxan, gələcək həyat yol­daşlarına eşq elan edən qızlarımız nə üçün bu xəyallarını həyata ke­çir­mək üçün imkan tapandan, yəni evlənəndən sonra belə davranmağa­ başlayırlar?

Birincisi, qızlarımız bioloji yaş etibarilə ailə qurmağa uyğun olsa­lar da, zehin, düşüncə baxımından evliliyə hazır deyillər. Bəzən evlili­yin faydaları üzərində qurulmuş xəyallar həyatın əsl üzü ilə qarşı-qa­şı­ya gəlincə reallıqlara məğlub olur. Halbuki yay qədər qış, sağlamlıq qə­dər xəstəlik, doğum qədər ölüm də bu həyatın reallıqları deyilmi? Elə isə xəyalla reallıq libası geyindirmək  lazımdır.

İkincisi, statistik hesabalamalara görə bu cür xülyalar quran qızlarımız elə həyat yoldaşı axtarırlar ki, onlara ana-ata kimi baxsın. Bunu gözləmək və axtarmaq əbəs işdir. Çünki heç bir kişi və ya heç bir qadının öz həyat yoldaşı ilə ana-atası kimi davranması mümkün deyildir.

Üçüncüsü, gəlin və qayınana arasında olan söz-söhbətlər və ya ər və arvadın bir-birinin ailəsinə münasibəti, onlar haqda dilə gə­tirdiyi düşüncələr bu kimi hadisələrə təsir edən əsas faktorlardan biridir. Hər yerdə səsləndirilən bu düşüncələr, xüsusən, kiçik böl­gələrdə (qəsəbə və kəndlərdə) dedi-qodunu hava-su kimi axtaranlar vasitəsilə haqqında danışılan insanların qulağına tez gedib çatır və beləcə münasibətlər daha da gərginləşir.

Dördüncüsü, acıq eləmək həyat yoldaşlarının “mən harada səh­və­ yol verdim?” deyib özlərini sorğu-suala çəkməsinə mane olur.  Çün­ki gəlin ata evinə qayıdandan sonra hər iki tərəfin qohumları “özününkü”nü təmizə çıxartamağa çalışırlar. Bu da, ər və arvadın öz-özünü hesaba çəkməsini, geri addım atmasını çətinləşdirir. Üstəlik ana və ya atanın qızının tərəfini tutması, qızına haqq qazandırması münasibətləri daha da gərginləşdirir. Ər və arvad arasında kiçik anlaşımazlıqlar evin içində qalsaydı, daha tez qaydasına düşər və bu qədər böyüməzdi. Gəlinin acıq edib ata evinə getməsi isə nəinki mövcud problemi həll edir, əksinə, yuxarıda sadaladığım bir çox problemləri də özü ilə gətirir.

Beşincisi, hadisənin bir neçə dəfə təkrarlanması hər iki tərəfdə də “vərdiş” əmələ gətirir. Ana-atasından və ətrafından dəstək alan qadın bir iş olan kimi ata evinə yollanır, kişi isə “Əvvəl-axır geri qayıdacaq”, “Gedəcəyi başqa qapı var?” kimi laqeyd düşüncələrlə gözləyir. Beləcə ər və arvad problemlərin çarəsini yanlış müəyyənləşdirirlər.

Altıncısı, bu “acıq eləmə” hadisələri kişinin qəlbində yaralar açır. Tez-tez təkrar olunması da bu yaranı sağalmaz vəziyyətə gətirir. Kim bilir, – nümunələr əsaslansaq –  bəlkə də, bu, ailənin dağılmasına səbəb olan ər-arvad arasındakı inamsızlığın göstəricisidir?!

Bəs onda nə etmək lazımdır? Həmişə dediyimiz kimi, ər və arvad qabaq-qabağa oturub bu məsələni danışmalı, danışmalı və yenə də danışmalıdır. Nəhayət, belə bir qərara gəlməlidirlər ki, evi tərk edib getmək problemlərin həlli yolu deyil. Bir-birinə: “Nəyin bahasına olursa-olsun, bu şəkildə davranmayacağıq,” – deyə söz verməlidirlər.  Lazım gələrsə, çox inandıqları insanları bu məsələyə şahid edə bilərlər.

Bununla yanaşı, ailədə cərəyan edən hadisələrə təmkinlə yanaşacaqlar. Belə ki, iki nəfər olsalar belə, yataq otağında olan bir anlaşılmazlığı qonaq otağına aparmadan yerində ayırd etməyi bacaracaqlar. Təbii ki, tez-tez təkrar etdiyim kimi, əgər dolanmaq, yola getmək niyyətləri varsa.

Nə gözəl demişlər: “Allah insana iki qulaq, bir ağız vermişdir”, yəni “iki dəfə dinlə, bir dəfə danış” deməkdir. Yenə də gözəl bir deyim var: “Bu gün elə iş gör ki, sabah ona görə üzr istəməyəsən!”

Kaş varlı olmayaydıq!

Xədicə xanım: “Kaş ki varlı olmayaydıq,” – deyə sözə başladı. “Kasıb olanda daha xoşbəxt idik. Pulu ayın sonuna qədər necə çatdıracağımızı gecə-gündüz düşünürdük.  İllərlə restoranda bir dəfə də olsun, həyat yoldaşımla baş-başa yemək yeməmişdik. Ailə qurandan sonra üç dəfə evdən-evə köçsək də, ev əşyalarımızı təzələməmişdik. Bu cür çətinlik olsa da, xoşbəxt idik. İndi isə hər şeyimiz var. Evimiz, maşınımız, xidmətçimiz, xeyli pulumuz və s. Ancaq xoşbəxtliyimiz yoxdur!”

Bu etirafları görüncə bilmirəm, siz nə düşündünüz, ancaq mənim ağlıma gələn ilk şey vara, dövlətə qarşı düşmənçilik hissi oldu və öz-özümə: “Ümid edirəm, bu nümunə heç kimi var-dövlətə düşmən etməz,” – dedim. Var-dövlət başqa şeydir, onu yanlış istiqamətdə sərf etmək də başqa şey.  İkisini bir-birindən ayırmaq çox önəmlidir.

Bu mövzuda Əməvilər dövründən bu yana tez-tez əsildən, kök­dən, dəyərlərdən uzaqlaşama halları ilə qarşılaşmışıq. Bizim ta­ri­xi­mizdə sosial rifahın yaxşılaşması nəticəsində Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) və dörd böyük xəlifənin (Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman və Hz. Əli) dövrünə xas İslam ruhunu və həyəcanını qoruyub saxlaya bilməyən nəsillər zühur etmişdir. Bir mənada əsas yoldan sapmanı ehtiva edən bu uzaqlaşma  gələcək nəsillərə də  ötürülmüş, başlanğıcda kiçik olan  bu mənəvi tənəzzül getdikcə genişlənərək böyük bir kütləni əhatə etmişdir.

Bu uzaqlaşmaya, mənəvi tənəzzülə ifrat desək, buna paralel­ təf­rit (normadan aşağı) düşüncələr də əmələ gəlmişdir. Əsasən, tə­səv­­vüf dünyasını təmsil edən və ya adı onunla birlikdə anılan bu təf­rit düşüncə dünyada “bir don, bir köynək” anlayışı ilə yaşamağı məqsəd seçmişdir. Bir çox hallarda halal şeylərdən belə imtina edən və zahidanə ömür sürən  bu zehniyyət müsəlman toplumların dəyişməsinə və inkişafına mane olmuşdur.

Xədicə xanımın etirafları məni tarixin bu məqamlarına çəkib apardı. İbn Xaldun  dəyərli təsbitləri arasında dövlətlərin süqutuna səbəb kimi üç əsas amildən danışır: səfalət, acizlik və istismar. Buna əsaslanıb demək olar ki, ailə də bir dövlət kimidir, onu ağıllı şəkildə idarə etmək lazımdır. Əgər Allahın nəsib etdiyi maddi imkanlar haram yolda sərf edilərsə, idarə olunmasında acizlik göstərilirsə, əlbəttə, onlar nemət deyil, cəza, cəzaya səbəb olar. İnsanın dünyasını da, axirətini də məhv edər.

Əslində, elə Xədicə xanımın sonrakı cümlələrində bunu görürsünüz. Qaz vurub qazan doldurmaq, halalla başlayıb harama doğru dəyişən əyləncələr, tətillər, alış-verişlər, ölkə xaricinə səyahətlər, onları (daha doğrusu Xədicə xanımı) bu qənaətə gətirmişdir.

Hadisəyə İslami aspektdən nəzər salıb bunu xatırlatmaq istə­yirəm: Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bəyanı ilə desək, dünyanın bütün gözəllikləri, cazibə ünsürləri ilə fani olduğunu yenidən xatırlatmaq yerinə düşər. Müsəlman hesaba çəkilmədən öncə özünü dərindən hesaba çəkməli, ciddi mühakimə etməlidir. Bunun kifayət etmədiyi yerdə xarici amillərə diqqət etmək lazımdır. Məsələn, bir möhtərəm alimin qəbiristanlıqları ziyarət tövsiyəsi bu çərçivədə çox əhəmiyyətlidir. Sözsüz ki, imanlı bir qəlb üçün.

Çox acı olsa da, həqiqətdir. Başqa bir alim qəbiristanlığı ziyarət etmək aqibəti düşünməyə kifayət etmirsə, xəstəxanalara baş çəkməyi tövsiyə edir. Çünki “Müasir insan dünyaya daha çox məftun olduğu üçün ayağı asılqanda asılmış, aldığı kemoterapiyadan saçları tökülmüş, böyrək xəstəxanasında növbə gözləyən üzü sapsarı və s. xəstələr, bəlkə, onlara daha artıq təsir edər. Və bundan sonra verilən sağlamlıq nemətə şükür edərək Rəbbi qarşısında ikiqat olarlar”.

İkinci bir məsələ çağdaş dünyada varlılarda müşahidə edilən gözəl ör­nəklərlə bağlıdır. Bu gün var-dövləti başından aşıb sərvətini Haqq yo­lunda sərf edən insanlar az deyildir. Səadət əsrinin Əbu Bəkirlərin, Əb­dürrəhman b. Avfların yolunu gedən bu insanlar tarixin səhifələri ara­sında deyil, bizimlə eyni dövrdə yaşayırlar. Və onlar, bəlkə də, Xə­di­cə xanımın həyat yoldaşından daha köklü zənginliyə malik olduqları üçün “Harada idim, hara gəldim” deyib yoldan azmamışlar. Nə olay­dı, hiss və həvəslərinin əsiri olub günü xoş keçirənlərdən və ya gü­nah içində ömür sürənlərdən deyil, o fədakar insanlardan örnək götürəydik.

Bir məqamı sonuncu dəfə xatırladıram hamı üçün: var-dövləti yeganə məqsəd bilib onu əldə etmək üçün dua edib yalvarmaqdansa, Allahdan xeyirli olanı istəməliyik. Madam ki Allahın nəsib etdiyini öz istəyimizdən, arzumuzdan üstün tutmaq həqiqi ibadətin göstəricisidir, madam Allah bizim üçün nəyin xeyirli olduğunu bizdən yaxşı bilir, elə isə hər şeyi lap başdan Ona həvalə edib “Sən bilərsən, Allahım!” demək ən yaxşı yol deyilmi?

Həyat Dərsləri kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!