Əli ibn Hüseynin namazı

06.05.2017 | 160 dəfə baxılıb.

Həzrət Əlinin nəvəsi olan bu şəxs çoxlu və gözəl ibadət etdiyinə görə “Zeynalabidin”, yəni “abidlərin bəzəyi və iftixarı” ünvanını almışdı. Hər gün min rükət namaz qılardı. Dizləri dəvə dizi kimi qabar bağlamışdı. Ölüm ayağında ağlayırdı. Oğlu: “Niyə ağlayırsan, atacan? Sən ki, həyatını ibadətlərlə bəzədin. Niyə narahat olursan?” – deyə soruşduqda ona: “Oğlum! Qiyamət günü bizimlə birlikdə nə mələklər, nə də Peyğəmbər olacaq. Cənabi-Haqqın hüzuruna çıxacağıq. O gün istəsə, əfv edəcək, istəsə əzab verəcək” – demiş və aqi­bətindən nigaran olduğunu ifadə etmişdi.
Kəbənin içi sayılan Hicr adlı yerdə ağlaya-ağlaya namaz qılan bir adam Tavus ibn Keysanın diqqətini çəkmişdi. Namazını bitirəndən sonra ona yaxınlaşmış, Zeynalabidin olduğunu görmüşdü. Onun belə göz yaşları ilə ibadət etməsindən riqqətə gələn İbn Keysan belə demişdir: “Üç səbəbdən axirətdə nicat tapacağına inanıram. Birincisi, sən Rəsulallahın nəvəsisən. İkincisi, baban Allah Rəsulu (s.a.s.) sənə şəfaət edəcək. Üçüncüsü, Allahın mərhəməti böyükdür. (Bu halda niyə özünü üzüb həlak edirsən?)” Böyük imam bu suala belə cavab vermişdi: “Ey Tavus! Rəsulullahın nəvəsi olmaq məni Allahın əzabından xilas edə bilməz. Çünki Cənabi-Haqq belə buyurur: “Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar”.
Babam Rəsulullahın şəfaətinə gəlincə, bu ayəyə görə ona güvənə bilmirəm: “…Onlar yalnız Onun razı olduğu qullara şəfaət edərlər…”
Allahın mərhəmətinə gəlincə, bu ayəyə baxıb özümə arxayın olmuram: “…Şübhəsiz ki, Allahın mərhəməti yaxşı adamlara yaxındır” Ancaq mən bu ayədə bəhs edilən yaxşı adamlardan olub-olmadığıma əmin deyiləm”.
“Namaz aşiqləri” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!